Yerli media nümayəndələrinin akkreditasiyası üçün ayrılmış vaxt daralır
Bu il 26-28 aprel tarixlərində 4-cü dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün yerli media nümayəndələrinin akkreditasiyasına dair sənəd qəbulu davam edir. Bu proses fevralın 28-i, saat 17:00-da başa çatacaq.
Azərbaycan Qran Prisi daxil olmaqla bütövlükdə 2019 FIA Formula 1 Dünya Çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən kurasiya olunur.
Yerli media nümayəndələrinin yarışa qeydiyyatı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) vasitəçiliyi ilə həyata keçirilir. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.
Akkreditasiya prosesi ilə bağlı ətraflı məlumat əldə etmək istəyənlər (+99412) 4041383 nömrəsinə zəng edə və ya accreditation@bakugp.az elektron poçt ünvanına yaza bilərlər.
Frame.az