Bakıda “Payızın çalarları” adlı akvarel performansı keçiriləcək
Oktyabrın 8-də “IWS Azerbaijan” və “IWS Khatai Art Center” tərəfindən “IWS Azerbaijan” Akvarel Cəmiyyətinin üzvü olan bir sıra rəssamlar tələfindən “Payızın çalarları” adlı akvarel performansı keçiriləcək.
Xətai Sənət Mərkəzində reallaşacaq tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə təşkil olunacaq.
Tədbirdə rəssamlar akvarel texnikasında öz iş proseslərini nümayiş edəcəklər. Akvarelist rəssamlar uzun bir vərəq üzərində payız əhval-ruhiyyəsini əks etdirən öz rəsmlərini çəkərək ümumi bir rəsm əsəri yaradacaqlar.
Hər kəs gəlib rəssamların iş prosesini müşayiət edə bilər.
Akvarel sənəti müasir dövrdə bütün dünyada geniş yayılıb və daim inkişafdadır. Dünya akvarelist rəssamları bir-biriləri ilə ünsiyyət quraraq sənət mübadiləsi aparır və bu sənəti inkişaf etdirirlər. Akvarel sənətinin sehrli bir cazibəsi var. Eyni zamanda, mürəkkəb və sadə, sərbəst və səbir tələb edən, addımlarını qabaqcadan planlaşdırmanı nəzərdə tutan və axarına buraxma kimi təzadları birləşdirən akvarel olduqca maraqlı bir texnikadır.