EventsIqtisadiyyatTəqdimat

AmCham üzvlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndələri ilə işgüzar görüşü keçirilib

9 dekabr 2021-ci il tarixdə Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında işgüzar görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirinin müavini Elnur Əliyev əsas spiker qismində iştirak edib.

Görüşdə AmCham tərəfindən 2021-ci ildə dərc olunan və Azərbaycanın biznes və investisiya mühitinin təkmilləşdirilməsi baxımından tövsiyə və təklifləri əhatə edən “Ağ sənəd”in təqdimatı keçirilib. Dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə işgüzar mühitin inkişaf etdirilməsinə, ölkədə aparılan  davamlı islahatlara dəstək xarakteri daşıyan sənəddə əks olunan məsələlər və təkliflər barədə fikir mübadiləsi aparılıb.

AmCham Azərbaycanın İcraçı DirektoruGülnarə Aslanbəyli tədbirin açılış nitqini söyləyərək iştirakçıları salamlayıb və qeyd edib ki, AmCham hökumət ilə fəal şəkildə əməkdaşlıq edir və ölkənin işgüzar mühitinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirməkdə davam edir. O həmçinin qeyd edib ki, görüşdə AmCham-ın əsas siyasət sənədlərindən olan Ağ Sənədin müzakirəsi də aparılacaqdır.

Daha sonra söz alan AmCham-ın prezidenti Nuran Kərimovbu kimi tədbirlərin dövlət və özəl sektor arasındakı dialoqun davam etdirilməsi baxımından olduqca əhəmiyyətli olduğunu vurğulayıb. Cənab Kərimov qeyd edib ki, Ağ Sənəd AmCham-ın əsas siyasət sənədlərindən biri olaraq, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini dəstəkləmək məqsədilə hazırlanır və Azərbaycan hökumətinə təqdim olunur. Daha öncə 2005, 2008, 2011, 2014, 2016 və 2018-ci illərdə AmCham tərəfindən Ağ Sənədlər hazırlanaraq hökumətə təqdim edilmişdir. Ağ Sənədin son nəşri isə 2021-ci ildə hazırlanmış və aidiyyatı qurumlara təqdim edilmişdir. “Biz ölkədə son illərdə aparılan iqtisadi islahatları, xüsusilə də rəqabətli və dayanıqlı qeyri-neft sektorunun yaranmasını hədəfləyən və kölgə iqtisadiyyatına qarşı aparılan mübarizəni təqdirəlayiq hesab edirik. Qeyri-formal məşğulluğun səviyyəsinin aşağı enməsi də daxil olmaqla bu sahədə əldə edilmiş müsbət nəticələrə şahidlik edirik və hökumətin bu addımlarını dəstəkləyirik.” – cənab Kərimov vurğulayıb.

 

İqtisadiyyat Nazirinin müaviniElnur Əliyev iştirakçıları salamlayaraq təşkil edilmiş tədbirin dövlət və biznes nümayəndələri arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparmaq üçün əlverişli platforma olduğunu qeyd edib və bunun üçün AmCham-a təşəkkür edib.

 

İqtisadiyyat nazirinin müavini Elnur Əliyev Azərbaycanda pandemiya şəraitində biznes və investisiya mühitinin dəstəklənməsi məqsədilə həyata keçirilmiş tədbirlər və bu tədbirlərin makroiqtisadi göstəricilərə müsbət təsirləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. Qeyd olunub ki, həyata keçirilən tədbirlər nəticəsində işgüzar fəaliyyətin davamlılığını və 2021-ci ildə iqtisadi artımı təmin edib. Belə ki, bu ilin 10 ayı ərzində real ÜDM həcmi 4,9% artaraq 42 milyon ABŞ dolları təşkil edib, qeyri-neft ÜDM 5,9% artıb. Bu dövrdə xarici ticarət dövriyyəsi 24,7%, ixrac 37,7%, qeyri-neft ixracı isə 42% artıb.

 

Nazir müavini Azərbaycanın sosial-iqtisadi Milli Prioritetləri çərçivəsində rəqabətədavamlı insan kapitalının inkişaf etdirilməsi, inklüziv cəmiyyət və sosial ədalət, müasir texnologiyaların tətbiqi, “yaşıl” iqtisadiyyat və işğaldan azad olunmuş ərazilərimizin iqtisadi dirçəlişinin təmin olunmasının iqtisadiyyatın davamlı inkişafı baxımından önəmini vurğulayıb, bu isiqamətdə həyata keçirilən layihələr, görülən işlər barədə danışıb. Tədbir iştirakçıları, həmçinin investisiya cəlb olunmasının artırılması məqsədilə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlar üçün Elektron Kredit Platforması, Azərbaycan İnvestisiya Holdinqi, Ələt Azad İqtisadi Zonasının yaratdığı inestisiya imkanları barədə məlumatlandırılıb.

 

Növbəti olaraq AmCham-ın Vitse-prezident Nərgiz Nəsrullayeva-Müdüroğlu çıxış edib və Ağ Sənədin 2021-ci il nəşri çərçivəsində əhatə olunan tövsiyələr barədə ətraflı təqdimat edib. O qeyd edib ki, Ağ Sənəd və AmCham-ın digər mövqe sənədləri Azərbaycanın işgüzar mühitinin, geniş mənada isə bütövlükdə ölkənin daha da gücləndirilməsini təmin edəcək dəyişikliklər haqqında Palatanın üzvlərinin kollektiv düşüncəsini əks etdirməklə iqtisadiyyatın inkişafına töhfə vermək məqsədi daşıyır.

 

Daha sonra AmCham-ın Vergi və Gömrük komitəsinin sədri Ceyhun Məmmədov və Hüquq və Komplayens komitəsinin sədri Zaur Allahverdizadə”Ağ sənəd”də əks olunan müvafiq sahələrədair tövsiyə və təkliflərlə bağlı geniş təqdimatlarla çıxış ediblər.

 

Nazir müavini “Ağ sənəd”də yer alan tövsiyə və təkliflərin İqtisadiyyat Nazirliyi tərəfindən dəyərləndiriləcəyini bildirib.

 

Görüşün sonunda sənəddə əks olunan məsələlər barədə müzakirələr aparılıb, fikir və təkliflər dinlənilib və biznes dairələrini maraqlandıran suallar İqtisadiyyat nazirinin müavini Elnur Əliyev, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev tərəfindən cavablandırılıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!