CinemaEventsFestivallarMədəniyyətTəqdimat

“Animafilm Şəkidə” tədbiri uğurla başa çatıb

IV Animafilm Beynəlxalq Animasiya Festivalının Şəkidə tədbiri noyabrın 23-dən 25-dək Şəki “ASAN xidmət” mərkəzində keçirilib. Festivalda üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş ən maraqlı yerli və xarici animasiya filmləri təqdim edilib.

Frame.az xəbər verir ki, “Animafilm Şəkidə” tədbiri Mədəniyyət Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.

Tədbirdə ən yaxşı filmləri seçmək imkanı tamaşaçıların öhdəsinə buraxılıb. Belə ki, məktəblilərin və şəhər sakinlərinin ən çox səs verdiyi filmlər qalib elan olunub. Qalib elan olunan filmlər aşağıdakılardır:

– Ən yaxşı Azərbaycan animasiya filmi: “Tıq-tıqla möcüzələr axtarışında. Qobustan”, rejissor Sultan Abbasbəyli.

– Uşaqlar üçün ən yaxşı animasiya filmləri: “Splish Splash”, rejissor Andra Fembriarto. İndoneziya; “Tacet”, rejissor Zachary Simon. ABŞ.

– Böyüklər üçün ən yaxşı animasiya filmi: “Navozande, the Musician”, rejissor Reza Riahi. Fransa.

– Ən yaxşı televiziya filmi: “Mush-Mush and the Mushables”, rejissor Joeri Christiaen. Belçika, Fransa.

Həmçinin “Animafilm Şəkidə” tədbirində Azərbaycanın Əməkdar mədəniyyət işçisi, məşhur animasiya rejissoru Elçin Hami Axundovun uşaqlar üçün “Kağızdan Şaxta Baba düzəlt” adlı ustad dərsi təşkil olunub.

Keçirilən tədbirlərdə Şəki şəhər məktəblərinin şagirdləri və yüzlərlə şəhər sakini yaxından iştirak ediblər.

Tədbirin son günündə festivalın direktoru Rəşid Ağamalıyev Mədəniyyət Nazirliyinə və Şəki Şəhər İcra Hakimiyyətinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib və qeyd edib ki, növbəti il keçiriləcək V Animafilm festivalının da məhz Şəkidə keçirilməsi planlaşdırılır.

2018-ci ildə yaradılmış “Animafilm” Beynəlxalq Animasiya Festivalı Azərbaycanın ilk beynəlxalq animasiya festivalıdır. Hər il payızda keçirilən festivalda yüzlərlə yerli və xarici animasiya filmləri nümayiş etdirilir, işgüzar görüşlər, sərgilər, uşaqlar və peşəkarlar üçün ustad dərsləri təşkil olunur. Festivalın təşkil edilməsində məqsəd yerli və xarici tamaşaçıları sevindirmək, peşəkarları bir araya gətirmək, həmçinin Azərbaycanda animasiya sənətinin inkişafına təkan verməkdir. Bu il təşkil olunan festival “Əlillik” mövzusuna həsr olunub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!