ASAN könüllüləri “Şuşa üçün yarat” müsabiqəsini reallaşdırıblar
Martın 5-də Şamaxı şəhərində ASAN könüllüləri arasında “Şuşa üçün yarat” müsabiqəsi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Frame.az-a bildirilib ki, 80 gənc arasında gerçəkləşən müsabiqənin əsas məqsədi iştirakçıların innovasiyayönümlü potensiallarının aşkarlanması, onlar arasında komanda ruhu və quruculuğunun, ideya formalaşdırma bacarıqlarının inkişaf etdirilməsi, həmçinin gənclərə vətənpərvərlik ruhunu aşılamaq olub.
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində keçirilən müsabiqənin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov da iştirak edib.
Müsabiqə çərçivəsində “Şuşanı tanıt” komanda quruculuğu oyunları, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş intellektual yarış və “Şuşa üçün yarat!” ideya müsabiqəsi təşkil olunub.
İdeyaların təqdimatından sonra ilk 3 yerə layiq görülən komanda dəyərli hədiyyələrlə mükafatlandırılıb. Həmçinin bütün iştirakçılar sertifikatla təltif olunublar.
Xatırladaq ki, “Şuşa üçün yarat” müsabiqəsi eyniadlı layihə çərçivəsində keçirilib. “Heydər Əliyev İli” çərçivəsində gerçəkləşən layihə “ASAN xidmət”in, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Gənclər Fondunun maliyyə dəstəyi, ASAN İnnovativ İnkişaf Mərkəzinin və “ABAD”ın tərəfdaşlığı ilə həyata keçirilib.
Layihənin ilk günündə “Bilim Bakı” mərkəzinə təşkil olunan ekskursiyada nəqliyyatda süni intellekt, biotexnologiya innovasiyası, rəqəmsal texnologiyalar və robototexnika yarışları haqqında məlumat verilib. Növbəti gündə gələcəyin insan modeli haqqında komanda işi təşkil olunub və iştirakçılar tərəfindən ideyalarının konseptləri təsvir edilib.
Həmçinin layihə müddətində Şuşa şəhərinə səfər də baş tutub.