“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar bəzi “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılacaq.
Belə ki, müvafiq Qərara əsasən 14 iyun tarixində Bakı şəhərindəki bütün “ASAN xidmət” və “ASAN Kommunal”, o cümlədən Sumqayıt, Gəncə və Kürdəmir regional “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərməyəcək.
15 iyun tarixində isə Milli Qurtuluş Günü ilə əlaqədar bütün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür.
Qeyd olunan tarixlərdə hazır sənədlərin götürülməsi üçün mərkəzlərə müraciət etməli olan vətəndaşlar növbəti iş günlərində müvafiq xidmətlərdən yararlana bilərlər.
Xatırladaq ki, 27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu “ASAN xidmət” mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.