EventsMusiqiMədəniyyətTəqdimat

“Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində növbəti dastan gecəsi təqdim olunub

Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində növbəti dastan gecəsi təqdim olunub

Fevralın 5-də Beynəlxalq Muğam Mərkəzində “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində aşıq Cahangir Sənanoğlunun ifasında “Aslan şahla İbrahimin dastanı” təqdim olunub.

Layihənin əsas məqsədi Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri, Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədli layihə haqqında məlumat verib. Bildirib ki, AMEA-nın Folklor İnstitutu və Beynəlxalq Muğam Mərkəzinin birgə əməkdaşlığı ilə layihə artıq ikinci ildir davam edir. “Layihədə məqsədimiz aşıq sənətini təbliğ etmək və onu sevdirməkdır. Ötən əsrin 80-ci illərində fəaliyyət göstərən bir çox görkəmli aşıqların ifaları, söylədikləri dastanlar televiziya məkanında qorunub saxlanılır.Biz bu layihədə aşıqların ifasında dastanları tamaşaçılara yenidən təqdim etməyə çalışırıq”.

Qeyd edib ki, son iki ildə Beynəlxalq Muğam Mərkəzinin səhnəsində 8 dastan təqdim olunub. Tanınmış aşıqlardan Qələndər Zeynalov, Cahandar Sənanoğlu, Əşrəf Qəriboğlu və digər ustadlar sazla tamaşaçıların görüşünə gəlib. Layihə çərçivəsində Şirvan və Qərb bölgəsinin, eləcə də qadın aşıqlarımızın ifaları da dinlənilib.

Sonra aşıq Cahangir Sənanoğlu “Aslan şahla İbrahimin dastanı”nı söyləyib.

Qeyd edək ki, BMM-nin təşəbbüsü ilə reallaşan layihənin əsas məqsədi Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir. Aşıq sənəti xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Sənətin bu növündə poeziya, musiqi, rəqs, ifaçılıq kimi sahələr sintez olunub. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!