Avropa İttifaqı BMTİP Azərbaycanda peşə təhsilinin inkişafına dəstəyi artırırlar
Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, ümumi dəyəri 3.4 milyon ABŞ dolları olan yeni bir layihəyə start verərək, Azərbaycanın əmək bazarının tələblərinə və milli inkişaf planlarına uyğun olaraq ölkənin peşə təhsili və insan kapitalını gücləndirmək üçün birgə səylərini birləşdirirlər. Əsasən Azərbaycanın iki bölgəsi –Gəncə və Cəlilabadda texniki peşə təhsil və ixtisaslaşdırılmış peşə biliyi bazasının artırılmasını nəzərdə tutan “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” adlı layihəyə 2017-ci ildə start verilmişdir.
Layihə 2020-ci ilədək davam edəcək.
Hər iki bölgədə layihə elmi tərəqqiyə əsaslanan güclü iqtisadiyyat üçün əsas özül rolunu oynayan yerli kadrların inkişaf etdirilməsinə xidmət edəcək. Layihə ölkənin işçi potensialının ən həssas kateqoriyaları, o cümlədən gənclər, qadınlar və əlilliyi olan şəxslərin əmək bazarının tələblərinə cavab verən bacarıq və resurslardan yararlanmalasını təmin edəcək.
Bu məqsədlə BMTİP qeyri-neft sektorunda yeni peşə təhsili proqramlarının işlənib hazırlanması və həyata
keçirilməsində milli qurumlara dəstək verəcəkdir.
Keyfiyyətli təhsil konsepsiyası 2030-cu il üzrə İnkişaf Proqramının əsasını təşkil edir və daha çox Qlobal Məqsədlər kimi tanınan Dayanıqlı İnkişaf Məqsədlərindən biridir. Xüsusilə bərabər və inkluziv təhsil imkanlarını hədəf tutan 4-cü
Məqsəd: Keyfiyyətli Təhsil hamı üçün əlçatan peşə təhsili ilə əlaqədar bərabər imkanların yaradılması, bu prosesdən
heç kimin kənarda qalmamasını nəzərdə tutur.
Əmək bazarlarının getdikcə ixtisaslaşdığı bir dövrdə, hazırda yüksək keyfiyyətli peşə təhsilinə tələbat artmaqdadır.
Məhz bu tələbatdan çıxış edərək, Azərbaycan Hökuməti daha rəqabətli milli peşə təhsili sisteminin təşviq edilməsinə
yönələn müxtəlif siyasət proqramları və strategiyaları həyata keçirir.
Avropa İttifaqı və BMTİP tərəfindən həyata keçirilən Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi layihəsi Hökumətin məhz bu səylərinə dəstək verərək, təhsilin keyfiyyətini və təhsil sahəsində bərabərliyi artırmağa yönəlmişdir. Layihə həmçinin milli peşə təhsili və təlim sisteminin Avropa standartları və ən qabaqcıl təcrübələrlə uyğunluğunu təmin etmək məqsədi daşıyır.
Frame.az