Bizim AşpazDünya MətbəxiLəzzətli Bölüm

Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə elmi-praktik konfrans keçirilib

Martın 30-da Turizm və Menecment Universitetində Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə elmi-praktik konfrans keçirilib. Əvvəlcə qonaqlar aşpazların əl işlərindən ibarət sərgi ilə də tanış olublar.

Frame.az Azərtaca istinadən xəbər verir ki, konfransda AMKA-nın prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri, professor Tahir Əmiraslanovun “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə milli mətbəxin yeri və restoran biznesinin rolu” mövzusunda məruzəsi dinlənilib.

Natiq ölkədə ərzağın keyfiyyətinin yüksəldilməsi və mətbəx mədəniyyətinin təbliği istiqamətində görülən işlərdən söz açıb.

Kulinarlarımızın peşəkarlığının artırılmasının turizmin inkişafında əhəmiyyətli dönüş yarada biləcəyini söyləyən T.Əmiraslanov institutlularda tələbələrə milli kulinariyaya aid informasiyaların verilməsinin vacibliyini bildirib. O, müəllifli olduğu kulinariyaya aid dərslikləri Turizm və Menecment Universitetinin kitabxanasına təqdim edib.

Konfransda universitetin dosentləri – Gülnar Məmmədli “Qida sənayesinin inkişaf perspektivləri və turizmin inkişafında əhəmiyyəti” və Çingiz Əliyev “Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri və turizmdə rolu” mövzularında məruzə ilə çıxış ediblər.

Tədbir diskussiya şəklində davam edib, fikir mübadiləsi aparılıb.

Sonda mətbəx nümunələri sərgisində iştirak edən mütəxəssislər mükafatlandırılıb. 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!