Azərbaycan Turizm Bürosu Tbilisidə “Azerbaijan.Travel” qonaq mərkəzini açıb
Oktyabrın 4-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan Turizm Bürosunun “Azerbaijan.Travel” qonaq mərkəzinin açılış mərasimi baş tutub.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan və Gürcüstanı yaxın dostluq və qonşuluq əlaqələrinin birləşdirdiyini vurğulayaraq qeyd edib ki, bu münasibət həm də turizm sahəsinin inkişafında özünü göstərir:
“Bu gün biz Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili ilə görüşərək Gürcüstan və Azərbaycanı əhatə edən birgə turların təşkili kimi bir sıra vacib məsələləri müzakirə etmişik.”
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid isə öz növbəsində nümayəndəliyin açılmasının Gürcüstan və onun vətəndaşları ilə Azərbaycan arasında bağlılığı daha da gücləndirəcəyini bildirib.
Azərbaycanın çoxsaylı səbəblərə görə ideal ölkə olduğunu qeyd edən Florian Zenqstşmid Azərbaycan xalqının öz mədəniyyətini və mətbəxini gürcüstanlı qonaqlarla paylaşmaqdan məmnun olduğunu diqqətə çatdırıb.
O, Azərbaycana gələn səyahətçilərin 22%-ni Gürcüstan vətəndaşlarının təşkil etdiyini diqqətə çatdıraraq iki ölkə arasında vizasız rejimin bu saya müsbət təsir etdiyini, bu şəxslərin ölkəyə Tbilisidən birbaşa uçuşlar, təkmilləşdirilmiş dəmiryolu xətləri və quru yolu ilə gəldiklərini vurğulayıb.
Florian Zenqstşmid bildirib ki, Azərbaycan turizmin ümumdaxili məhsula yüksək töhfələr verdiyi ölkələr siyahısına daxil olmağı qarşısına məqsəd qoyub və növbəti 10 il ərzində bu töhfə illik 6% olacaq ki, bununla da Azərbaycan dünya turizm sektorunda ilk 20-likdə qərarlaşacaq.
Qeyd edək ki, “Azerbaijan.Travel” Azərbaycanın təklif etdiyi müxtəlif təcrübələri öyrənmək imkanı yaradan unikal konsepsiyadır.
“Azerbaijan.Travel” görüntü və informasiyalarla yanaşı, turlar və səfərlər haqqında məlumat verə bilən, hətta bilet sifarişi ilə də məşğul olan turizm agentliyi rolunu oynayacaq.