IqtisadiyyatTurizmTəqdimat

Azərbaycan və Çin arasında turizm əlaqələrinin inkişaf istiqamətləri müzakirə olunub

Çində keçirilən “CITM 2025” (“China International Travel Mart”) beynəlxalq turizm sərgisi çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib.

 

Səfər çərçivəsində Azərbaycan və Çin arasında turizm əlaqələrinin inkişaf istiqamətləri dekabrın 17-də Çin Xalq Respublikasının paytaxtı Pekində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Çinin Mədəniyyət və turizm naziri Sun Yeli arasında keçirilən görüşdə müzakirə olunub.

 

Tərəflər cənab Prezident İlham Əliyev və cənab Sədr Si Cinpinin səyləri ilə son dövrlərdə Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının bütün sahələr kimi turizm əlaqələrinin də inkişafına töhfə verdiyini qeyd ediblər.

 

Görüşdə çıxış edən Fuad Nağıyev Azərbaycan və Çin arasında son illərdə turizm əlaqələrinin dinamik və yüksələn xətlə inkişafını qeyd edərək viza rejiminin qarşılıqlı aradan qaldırılmasının turist axınına müsbət təsirini vurğulayıb.

 

Agentlik sədri Azərbaycanın turizm potensialının Çində tanıdılması məqsədilə aparılan genişmiqyaslı marketinq və tanıtım kampaniyalarının davam etdiriləcəyini bildirərək turizm əlaqələrinin yeni mərhələsi kimi Azərbaycanın Çində turizm nümayəndəliyinin açılmasının planlaşdırıldığını qeyd edib.

 

O həmçinin yerli turizm sənayesinin çinli turistləri qarşılamaq üçün hazırlıq səviyyəsini artırmaq məqsədilə hazırlanmış “China Ready” proqramı haqqında məlumat verib, eləcə də ötən ay Bakıda keçirilən “China Visitors Summit” tədbirinin iki ölkənin turizm sənayesi nümayəndələri arasında əməkdaşlığın dərinləşməsi üçün vacib addımlardan biri olduğunu qeyd edib.

 

Çinin Mədəniyyət və turizm naziri Sun Yeli öz növbəsində Azərbaycan və Çin arasında iqtisadi və siyasi münasibətlərinin son illərdə möhkəmlənməsi, bunun turizmə müsbət təsirləri, çinli turistlərin Azərbaycana səfər etmələri üçün Azərbaycanın turizm imkanlarının Çin bazarında tanıdılmasının vacibliyini qeyd edərək, bu istiqamətdə birgə fəaliyyətin və turizm sənayesi nümayəndələri arasında ikitərəfli əlaqələrin genişlənməsinin önəmini qeyd edib. Nazir Sun Yeli diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin qarşılıqlı faydalı tərəfdaşlıq üzrə inkişaf etdiyini, Azərbaycan turizm bazarının çinli turistlər üçün maraqlı olduğunu diqqətə çatdırıb.

 

Görüşdə Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov da iştirak edib.

 

Azərbaycanın turizm imkanlarının tanıdıldığı “CITM 2025” sərgisində milli stenddə ölkəmiz Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi və digər yerli tərəfdaşlarla təmsil olunub. Sərgi çərçivəsində Azərbaycan milli stendi “Ən yaxşı stend” nominasiyasına layiq görülüb.

 

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Çin Xalq Respublikasının Haykou şəhərində keçirilən sərginin açılış mərasimində iştirak edib.

 

Həmçinin sərgi çərçivəsində Azərbaycan stendini ziyarət edən Çin Xalq Respublikasının Mədəniyyət və turizm nazirinin müavini Gao Zheng və BMT Turizmin Baş katibi Zurab Pololikaşvili ilə Fuad Nağıyev arasında görüş keçirilib.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!