Azərbaycan atletləri üzgüçülük yarışlarının dördüncü günündə iki qızıl və bir bürünc medal əldə ediblər
Mayın 16-da Bakı Su İdman Sarayında üzgüçülük yarışlarının dördüncü günündə Azərbaycan atletləri iki qızıl bir bürünc medal qazanıblar.
Frame.az xəbər verir ki, Maksim Şemberev kişilər arasında 200 metr məsafəyə batterflay və 800 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında çempionluğunu rəsmiləşdirib. Bürünc medalı isə Azərbaycanın qadın atletləri 4×100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında millimizin aktivinə əlavə ediblər.
Üzgüçülük yarışının dördüncü günündə də Türkiyə atletləri üstünlüklərini qoruyub saxlaya biliblər. Qardaş ölkə üzgüçüləri gün ərzində 14 medala (6 qızıl, 5 gümüş, 3 bürünc) sahib olublar.
Qalib idmançılara medalları Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü Boukari Bouraima Sofo təqdim ediblər.
Üzgüçülük yarışlarına mayın 17-də yekun vurulacaq.