EventsIqtisadiyyatMədəniyyətTəqdimat

Azərbaycan-Çin mədəni əməkdaşlığının geniş perspektivləri müzakirə olunub

Mədəniyyət naziri Adil Kərimli iyulun 29-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Çin Xalq Respublikası (ÇXR) mədəniyyət və turizm nazirinin müavini, Milli Mədəni İrs Administrasiyasının rəhbəri Li Çunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Çin nümayəndə heyətində bu ölkənin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao, Mədəni İrs Akademiyasının baş direktoru Li Liusan və digər rəsmi şəxslər yer alıblar. Nümayəndə heyətini salamlayan nazir Azərbaycan ilə Çin arasında əlaqələrdən bəhs edib. Qeyd olunub ki, dövlət başçılarımızın siyasi iradəsi ilə Azərbaycan və Çin arasında qarşılıqlı maraq və etimada əsaslanan geniş spektrli əməkdaşlıq qurulub.

Bu ilin 3 iyul tarixində Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə qəbul edilən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” ilə iki ölkənin əlaqələrində yeni səhifə açılıb. İldən-ilə genişlənən əlaqələrdə mədəni əməkdaşlığın xüsusi yer tutduğunu deyən Adil Kərim Azərbaycanın mədəniyyətin müxtəlif sahələrində əlaqələrin daha da inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Nazir həmçinin 2023-cü ilin sentyabr ayında Çinə səfərinin onda dərin təəssürat yaratdığını bildirib, orada keçirilən görüşlərin gələcək əməkdaşlıq üçün əhəmiyyətini vurğulayıb.

Çin mədəniyyət və turizm nazirinin müavini, Milli Mədəni İrs Administrasiyasının rəhbəri Li Çun səmimi qəbula görə təşəkkürünü bildirib, ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu ifadə edib. Asiya Mədəni İrsi Qoruma Alyansı (AMİQA) haqqında məlumat verən Milli Mədəni İrs Administrasiyasının rəhbəri qurum tərəfindən müxtəlif istiqamətlər üzrə 15 proqramın həyata keçirildiyini deyib. Li Çun AMİQA-nın ixtisaslaşdırılmış strukturlarında Azərbaycan tərəfinin də təmsil olunmasının əhəmiyyətini bildirib, ölkəmizin alyansın 4-cü konfransına ev sahibliyi etməsi ilə bağlı təkliflə çıxış edib. Qeyd olunub ki, sualtı irsin öyrənilməsi sahəsində də böyük təcrübəyə malik alyans tərəfindən Xəzərin Azərbaycan sektorunda sualtı irsin araşdırılması ilə bağlı layihə də həyata keçirilə bilər. O, həmçinin Azərbaycanın mədəni irsin rəqəmsal monitorinqi sahəsində təcrübəsini öyrənmək istədiklərini dilə gətirib. Söhbət zamanı iki ölkə sənətçilərinin və yaradıcılıq kollektivlərinin qarşılıqlı qastrol səfərlərinin əhəmiyyəti vurğulanıb. Mədəni əməkdaşlığa dair yol xəritələrinin və memorandum layihələrinin işlənilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan Mədəniyyət Nazirliyinə Çin tərəfindən müvafiq memorandum layihələri təqdim edilib. Li Çun deyib ki, iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcək memorandumların gələn il Pekində imzalanması yaxşı olardı. Milli Mədəni İrs Administrasiyasının rəhbəri eyni zamanda Çinin məşhur “798 Art Zone” mədəniyyət kompleksində Azərbaycan qalereyasını da görmək istədiklərini bildirib. Görüş zamanı Azərbaycanın bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi nümayəndə heyətinin diqqətinə çatdırılıb. Qeyd edilib ki, COP29 çərçivəsində mədəniyyətə iqlim dəyişikliyi kontekstində baxış məsələləri də gündəmə gətiriləcək, eyni zamanda ətraf mühitin qorunmasında mədəniyyətin rolu ilə bağlı müzakirələr aparılacaq. Çin tərəfinin bu mötəbər tədbirdə iştirakının əhəmiyyətli olacağı bildirilib. Sonra tərəfləri maraqlarından digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!