Azərbaycan Konqreslər Bürosu təşəkkür məktubu alıb
Azərbaycan Konqreslər Bürosu IMEX sərgisində iştirak edən ölkələr arasında ən yaxşı nümayiş stendinin təşkilinə görə təşəkkür məktubu alıb
Avropanın mərkəzində yerləşən Almaniyanın Frankfurt şəhərində “Frankfurt Messe”-də dünyanın ən nəhəng turizm sərgilərindən biri olan IMEX sərgisi mayın 15-dən – 17-nə kimi davam edir. IMEX sərgisi dünyanın MICE (görüşlər sənayesini) sənayesinin bütün sektorlarından hər il 3,500-dən çox təchizatçı Frankfurtda bir araya gəlir. Burada milli və regional turizm ofisləri və konqres büroları, böyük otel şirkətləri, konfrans və sərgi məkanları, kruiz xətləri, hava yolları, spa kurortları, texnologiya provayderləri, tədbirlərin idarə edilməsi üzrə mütəxəssisləri və digərlərini burda görmək olar.
Ölkəmizi bu il sərgidə Azərbaycan Konqreslər Bürosu (AzKB) uğurla təmsil edir. 15-17 may tarixlərində keçirilən sərgiyə geniş stendlə və xüsusi hazırlaşmış Büronun fəaliyyəti ziyarətçilər və təşkilatçılar tərəfindən böyük marqla qarşılanıb.
Dünyanın müxtəlif ölkələrindən yüzlərlə təşkilatın iştirak etdiyi sərgidə Azərbaycan Konqreslər Bürosunun fəaliyyətini ilk gündən nümunəvi və faydalı hesab etmək olar. Bu, həm də təşkilatçıların fikridir. Elə IMEX rəhbərliyinin Azərbaycan Konqreslər Bürosuna ünvanladığı təbrik məktubu da bunun bariz nümunəsidir. Məktubda AzKB-nin yüksək səviyyədə iştirakına görə minnətdarlıq edən IMEX-ın təşkilati və satış işləri üzrə baş meneceri Oliver Bailey büronu sərginin ilk günündən əldə etdiyi uğura görə təbrik edib.
Qeyd edək ki, 2013-cü ildən fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun vəzifələrindən biri Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək və ölkəmizin beynəlxalq səviyyəli tədbirlər məkanı kimi təbliğidir. Bu məqsədlə Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqələr qurur, bazar iştirakçılarını ölkəyə cəlb etməyə çalışır, əməkdaşlıq üçün beynəlxalq konqres və seminarlarda fəal iştirak edir.
Azərbaycan Konqreslər Bürosu ölkəmizdə işgüzar turizmin, həmçinin digər iqtisadi sektorların inkişafı üçün strategiya hazırlayaraq icra edir. Qurumun başlıca məqsədi, dəyərli məlumat və dəstək xidmətlərini təmin etməklə, habelə yerli toplantı sənayesi tərəfdaşlarının maraqlarını qorumaqla, Azərbaycanın nüfuzunu dünya səviyyəli toplantı və görüş məkanı kimi möhkəmləndirməkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən Festivalın təşkili Azərbaycan Konqreslər Bürosu tərəfindən həyata keçirilir. 2017-ci il aprelin 10-dan mayın 10-dək Azərbaycanda ilk dəfə olaraq, Bakı Şopinq Festivalını keçirib. Bu layihəni ötən ilin payızında da (15 oktyabr-15 noyabr) uğurla təkrarlayıb. Hər iki festival şəhərimizin qonaqları, yerli alıcılar və ticarət sektorunun iştirakçıları tərəfindən çox böyük maraq və məmnuniyyətlə qarşılanıb. Üçüncü Şopinq Festival bu ilin 1 mayından start götürüb və 31 may tarixinədək davam edəcək.
Frame.az