“Azərbaycan kulinariyasının təbliğat perspektivləri” mövzusunda konfrans keçirilib
Azərbaycan mətbəxinin təbliğatı istiqamətində beynəlxalq əməkdaşlıq imkanlarının qiymətləndirilməsi, eləcə də qastroturizmin inkişafı ilə bağlı məsələlər yanvarın 17-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan kulinariyasının təbliğat perspektivləri” mövzusunda keçirilən konfransda müzakirə edilib.
Tədbirdə çıxış edən DTA sədri Fuad Nağıyev qastroturizmin inkişafının turizmin vacib istiqamətlərindən biri hesab olunduğunu və son illərdə Azərbaycanın qastronomiya destinasiyası kimi təbliği istiqamətində çoxistiqamətli işlərin həyata keçirildiyini qeyd edib. O bildirib ki, qastronomiya turizminin inkişafı yalnız Azərbaycanın milli mətbəxini deyil, həmçinin zəngin maddi-mədəni irsini, tarixi ənənələrini və mədəniyyətini dünyaya tanıtmağa kömək edir. Fuad Nağıyev zəngin kulinariya ənənələrimizin dünyaya çatdırılması, bu istiqamətdə təbliğat işinin gücləndirilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da genişləndiriləcəyini vurğulayıb.
Dünya Kulinariya Təşkilatları Assosiasiyasının (“Worldchefs”) prezidenti Tomas Quqler DTA və “Worldchefs” arasındakı əməkdaşlığın nəticələrindən məmnun olduğunu bildirib, azərbaycanlı kulinarlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə Dövlət Turizm Agentliyinin milli mətbəx nümunələrimizin qorunması və ölkəmizin qastronomiya destinasiyası kimi təbliği istiqamətində görülən işlər barədə məlumat verilib. Həmçinin, beynəlxalq standartlar əsasında aşpazlardan ibarət yeni milli komandanın yaradılması, Azərbaycan milli mətbəx nümunələrinin tədqiqatı, Slou Fud səyahət marşrutu timsalında müxtəlif tematikalı turizm məhsullarının tərtibatı, xarici ölkələrdə qastronomiya xidməti göstərən destinasiya stendlərinin qurulması barəsində ətraflı məlumat verilib.
Qeyd edək ki, Dünya Kulinariya Təşkilatları Assosiasiyasının (“Worldchefs”) prezidenti Tomas Quqler Dövlət Turizm Agentliyinin dəvəti ilə Azərbaycana səfər edib. Səfərin məqsədi qlobal mətbəxlərin kulinariya standartlarının təkmilləşdirilməsi istiqamətində Azərbaycanla əməkdaşlığı gücləndirmək, ölkəmizdə qastroturizmin inkişafı ilə bağlı müzakirələr aparmaqdan ibarətdir.
Səfər çərçivəsində Fuad Nağıyevlə Tomas Quqler arasında keçirilən görüşdə mövcud əməkdaşlıq imkanları, Azərbaycanın yeni qastronomiya strategiyası və planlaşdırılan işlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycana səfəri çərçivəsində Tomas Quqlerin Şuşaya ziyarəti, şəhərin tarixi məkanları və əsrarəngiz təbiəti ilə yanaşı, biomüxtəliflik baxımından zənginliyi və özünəməxsusluğu ilə seçilən Qarabağ mətbəxinin inciləri ilə tanışlığı da planlaşdırılır.