Azərbaycan millisi İslamiadanın yunan-Roma güləşi yarışlarının qalibidir
Mayın 18-də IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub. Azərbaycan pəhləvanları Oyunları 4 qızıl, 1 gümüş və 3 bürünc medalla başa çatdırıblar.
Frame.az xəbər verir ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri yarışların final görüşlərinə baxıblar.
Heydər Əliyev adına İdman Arenasında keçirilən yunan-Roma güləşi yarışlarının ikinci günündə dörd çəki dərəcəsində qaliblər müəyyənləşib.
Güləşçimiz Kamran Məmmədov (66 kq) finalda Qırğızıstan idmançısı Janat Kilibayev ilə qarşılaşıb. Görüş vaxtından əvvəl 9:0 hesabı ilə Azərbaycan pəhləvanının xeyrinə başa çatıb. Bu çəki dərəcəsində bürünc medallara türkiyəli Abdulsamet Günal və iranlı Mehdi Zeidvand sahib olublar.
Qalib idmançılara medalları dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.
Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.
Yarışlarda 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Elvin Mürsəliyev finalda Türkiyə təmsilçisi Furkan Bayrak üzərində 1:0 hesabı ilə qələbə qazanaraq millimizin aktivinə 54-cü qızıl medalı yazdırıb. Bu çəki dərəcəsində türkmənistanlı Şermet Permanov və Qırğızıstan idmançısı Kayratbek Tuqolbayev bürünc medallara sahib olublar.
Digər güləşçimiz İslam Abbasov (85 kq) isə finalda Türkiyə təmsilçisi Ali Cengizi məğlub edərək “Bakı-2017”nin qızıl medalını qazanıb. Bu çəki dərəcəsində bürünc medallara qırğızıstanlı Azat Bişebekov və iranlı Mahdi Fallah Hamidabadi layiq görülüblər.
Yunan-Roma güləşi yarışlarında 130 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Sabah Şəriəti bürünc medal uğrunda görüşdə suriyalı Raja Alkrada qalib gələrək üçüncü yeri tutub.
Beləliklə, İslamiadada yunan-Roma güləşi üzrə yarışlarda 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında birinci yerdə qərarlaşıb.