Azərbaycan Turizm Bürosu beynəlxalq marketinq müsabiqəsində qalib olub
Azərbaycan Turizm Bürosu “Avrasiya Turizm Sənayesi Mütəxəssisləri Birliyi” tərəfindən keçirilən “PROBrend” turizm üzrə 3-cü beynəlxalq marketinq müsabiqəsində qalib seçilib.
Dövlət Turizm Agentliyindən Frame.az-a bildirilib ki, Naftalan şəhərinin brendinqi və azerbaijan.travel veb-saytı ilə müsabiqəyə qatılan Azərbaycan Turizm Bürosu “İlin kəşfi” adlı nominasiya üzrə mükafata layiq görülüb. Onlayn formatda keçirilən mükafatlandırma mərasimində qaliblərə xüsusi diplomlar təqdim olunub.
Qeyd edək ki, müsabiqəyə 4 ölkədən 10 nominasiya üzrə 318 müraciət qəbul olunub.
2018-ci ildə yaradılmış “Avrasiya Turizm Sənayesi Mütəxəssisləri Birliyi” üzvlər arasında təcrübə mübadiləsi üçün kommunikasiya platforması kimi Avrasiya məkanında beynəlxalq turizmin inkişafında maraqlı tərəflərin qarşılıqlı əməkdaşlığının təmin olunması istiqamətində fəaliyyət göstərir.