Azərbaycan Turizm Bürosu “Wego” platformasında yeni onlayn kampaniyaya start verib
Azərbaycan Turizm Bürosu tərəfindən ölkənin turizm imkanlarının geniş auditoriyaya çatdırılması məqsədilə səyahət üzrə metaaxtarış mühərriki olan “Wego” platformasında onlayn kampaniyaya start verilib.
Dövlət Turizm Agentliyindən Frame.az-a bildirilib ki, kampaniya çərçivəsində “Wego” şirkətinin feysbuk və instaqram hesabında reklam bannerləri, veb-saytında isə paytaxt Bakıda istirahət, şəhərin qədim və müasir elementlərinin vəhdəti, palçıq vulkanları, eləcə də Şirvan və Qızılağac Milli parklarında quş müşahidəçiliyi, Naxçıvanda Duzdağ Fizioterapiya Mərkəzi və ölkəyə səyahətin asanlığı kimi məlumatları çatdıran geniş məqalə yerləşdirilib.
Avqustun 15-dək davam edəcək kampaniya çərçivəsində sosial media hesablarında yerləşdirilən reklamlar istifadəçiləri müvafiq səhifələrə yönəldərək həm ölkənin turizm potensialı haqqında məlumatlılığı artırmağa, həm də səyahətin asan şəkildə planlaşdırılmasına xidmət edəcək.
Qeyd edək ki, “Wego” şirkətinin əsası 2005-ci ildə Sinqapurda qoyulub. Səyahət üzrə metaaxtarış mühərriki rolunu oynayan şirkət Asiya-Sakit okean regionu, Yaxın Şərq və Hindistan üzrə fəaliyyət göstərərək istifadəçiləri mövcud uçuş və hotel qiymətlərini müqayisə edə biləcəkləri platforma ilə təmin edir.