“Azərbaycanda multikulturalizm. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilmişdir
May ayının 01-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr olumuş “Azərbaycanda multikulturalizm. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbiri mərkəzin direktoru, professor Azad Məmmədov açaraq tədbir iştirakçılarını salamlamışdır. O, biblioqrafiyanın tədqiqatçılar üçün misilsiz xidmətlərindən danışmışdır.
Tədbiri aparmaq üçün söz Milli Kitabxananın direktoru professor Kərim Tahirova verilmişdir. O, ölkə rəhbərliyinin multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasətindən, multikulturalizm və tolerantlığın əslində azərbaycanlıların həyat tərzi olduğundan danışdı. “Azərbaycanda multikulturalizm” kitabının çap olunmasında dəstəyə görə Layihənin rəhbəri fəlsəfə üzrə fəlsəfə doktoru Əbülfəs Qarayevə və dəyərli məsləhətlərinə görə elmi redaktor və ön sözün müəllifi Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevə, rəyçilər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru professor Azad Məmmədova, fəlsəfə elmləri doktoru, professor Etibar Nəcəfova təşəkkürünü bildirdi. Kitabın bir il ərzində tərtib olunmasına baxmayaraq materialların qədim dövrdən indiyə kimi bir tarixi əhatə etdiyini, vəsaitin yalnız Milli Kitabxananın fondunda olan materiallar əsasında tərtib olunduğunu, gələcəkdə vəsaitə əlavələr olunaraq yenidən çap olunacağını bildirdi və bütün təşkilatları bu sahədə çap olunan vəsaitlərini Milli Kitabxanaya təqdim etməyə çağırdı. Vəsaitdə toplanan materialların böyük əksəriyyətinin kitabxananın saytı vasitəsilə istifadəyə açıq olduğunu bildirdi.
Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Rəvan Həsənov, millət vəkili Mixail Zabelin, AMEA-nın Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov, AMEA-nın Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, şərqşünas, professor İmamverdi Həmidov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev, Alban-udi xristian icmasının sədri Robert Mobili, kürd icmasının rəhbəri Fəxrəddin Paşayev və b. öz çıxışlarında Azərbaycanda multikulturalizmin əsrlərdən bəri formalaşmasından, multikultural dəyərlərdən, tolerant münasibətlərdən danışmış, biblioqrafiyanın xüsusi əhəmiyyətini qeyd etmişlər. Onlar bu vəsaitin daima tədqiqat obyekti, bu sahədə aparılan elmi işlər üçün mühüm mənbə olacağını, redaktor tərəfindən təqdim olunan materialın kitaba açar olduğunu, ön sözünün kitab haqqında mükəmməl bələdçi olduğunu, biblioqrafiyanın strukturunun çox sistemli, eyni zamanda sadə və məqsədyönlü olduğunu, digər dillərdə- rus və ingilis dillərində olan materialların çox önəmli olduğunu söylədilər. Onlar vəsaitin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz minnətdarlığını bildirdilər.
Tədbirdə millət vəkilləri, alimlər, ziyalılar, milli azlıqların mədəniyyət mərkəzlərinin rəhbərləri, Milli Kitabxananın əməkdaşları iştirak edirdi. Frame.az