EventsIqtisadiyyatMobil dünyaTəhsilTəqdimat

Azərbaycanda tələbələr üçün ilk akademik test mərkəzi açılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Təhsil Nazirliyi və “Microsoft Azerbaijan” şirkətinin dəstəyi ilə ölkənin bütün təhsil müəssisələrinin tələbələri üçün vahid akademik test mərkəzinin təqdimatı keçirilib.

ADNSU-nuntədris işləri üzrə prorektoru Qasım Məmmədov tərbirdə çıxış edərək universitetdə sözügedən mərkəzin fəaliyyətə başlamasını əlamətdar hadisə kimi dəyərləndirib. Q. Məmmədov ADNSU-nun “Microsoft Azerbaijan” şirkəti ilə sıx tərəfdaşlıq əlaqələrinin olduğunu qeyd edərək universitetin tələbə və müəllimlərinin “Microsoft”un lisenziyalı proqramlarından istifadə etdiyini, hazırda şirkətin informasiya resurslarının ADNSU-nun təhsil proqramına inteqrasiyasının təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.

Prorektor ADNSU-nun “Microsoft Azerbaijan” şirkətinin “Imagine Academy” proqramının fəal üzvü olduğunu, universitet tələbələrinin “Microsoft Imagine Cup 2018” innovasiya müsabiqəsində uğurla iştirak etdiyini vurğulayıb.

“ADNSU ilə “Microsoft Azerbaijan” arasında formalaşmış etibarlı tərəfdaşlıq münasibətləri bu gün açılan mərkəzin fəaliyyətə başlaması ilə yeni mərhələyə qədəm qoyur. Mərkəz tələbə və müəllimlərə “Microsoft” məzmununa giriş və müvafiq sertifikasiya imtahanına hazırlaşmaq imkanı yaradacaq, bunun gənclərin peşəkarlığının artmasına və onların qlobal işçi bazarında rəqabətqabiliyyətliliklərinin yüksəlməsinə xidmət edəcək və respublika miqyasında bütün tələbələr üçün əlçatan olacaq”, – deyə Qasım Məmmədov qeyd edib.

Sözügedən mərkəzin açılmasının məqsədi vahid akademik test mərkəzi tərəfindən peşəkarlıqları beynəlxalq sertifikatla təsdiq olunacaq IT-mütəxəssislər yetişdirməkdir. Yeni test mərkəzində müxtəlif ali təhsil müəssisələrinin tələbələri “Microsoft”un avtorizə edilmiş kursları üzrə yüksək keyfiyyətli təhsil alıb, əlverişli şərtlərlə müvafiq imtahanlar verə biləcəklər.

Test mərkəzi çərçivəsində “Microsoft Imagine Academy” də fəaliyyət göstərir ki, burada müəllim və tələbə heyətinin tədrisi və sertifikasiyası üçün müəssisənin öz texnologiyaları və “Microsoft”un məhsulları əsasında müasir təhsil proqramları və resursları təqdim olunur. “Microsoft Imagine Academy”nin tədris proqramları elə təşkil olunub ki, tələbə və müəllimlər işəgötürənlər tərəfindən tanınan və gələcək karyera üçün lazım olan sertifikat və bacarıqları ardıcıl olaraq ala bilsinlər. Hazırda ölkənin 5 təhsil müəssisəsində “Microsoft”un analoji akademiyaları fəaliyyət göstərir.

“Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Təhsil Nazirliyi və “Microsoft Azerbaijan”ın şirkət üçün prioritet istiqamətlərindən olan təhsil sahəsinə verdiyi yeni töhfəyə şahidlik etməkdən məmnunuq. “Microsoft”un Azərbaycan üzrə Milli Planın əsas komponentlərinin ölkədə innovasiya sahəsinin inkişafı, müəssisələrin iqtisadi səmərəliliyinin artırılması və təhsil sisteminin transformasiyası olmasını nəzərə alaraq, Azərbaycanda akademik vahid test mərkəzinin açılması olduqca əhəmiyyətli hadisədir”, – deyə “Microsoft Azerbaijan” şirkətinin biznesin inkişafı üzrə meneceri Emin Axundov bildirib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!