EventsMədəniyyətSərgiTəqdimat

“Azərbaycanım” VI Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

“Heydər Əliyev İli”nə həsr olunmuş uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, həmçinin bədii zövqünün inkişaf etdirilməsinə xidmət məqsədlə keçirilən “Azərbaycanım” VI Respublika Uşaq Rəsm Festivali çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq.

Mədəniyyət, Elm və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən festival müsabiqəsinin sərgiləri mayın 11, 12, 13 və 15-də Xətai Sənət Mərkəzində növbəli şəkildə təşkil olunacaq.

Əsərlər çərçivələnmiş formada və çərçivənin arxasında şəxsi məlumatlar qeyd olunmaqla Xətai Sənət Mərkəzinə təqdim edilməlidir.

Mövzusu güllər olan müsabiqəyə şəhər və bölgələrimizin 500-dən çox məktəb və yaradıcılıq müəssisəsindən 2500-ə qədər uşaq, yeniyetmə və gənclərə məxsus 3000-dən çox əsər göndərilib və sərgilənmək üçün 800-dən bir qədər çox əsər seçilib. Seçimdən narazı qalanlar (müəllim, valideyn və şagird) seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində təyin olunmuş bir vaxtda Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyasının müəlliminin nəzarəti altında rəsm çəkməklə özünü təsdiq edə bilər.

Əsəri sərgidə nümayiş olunan müəlliflər, həmçinin fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) sertifikat və təşəkkürnamə ilə təltif olunacaqlar.

Qeyd edək ki, sərgilənən əsərlərin arasından “Azərbaycanım” VI Respublika Uşaq Rəsm Festivalı üçün hər yaş kateqoriyasından 10 əsər seçiləcək və həmin 30 uşaq festivala dəvət olunacaq. Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq diplom və hədiyyələrlə mükafatlandırılacaq.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!