“Azərbaycanın mədəni sərvəti” layihəsi davam edir
Cari ilin 3-9 noyabr tarixlərində Azərbaycan Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində unudulmaqda olan tikmələrin dirçəlməsi üzrə ustad dərslər keçirilir. Ustad dərslər Qırğız milli tikmələr üzrə mütəxəssis Güljan İreş tərəfindən keçiriləcək. İxtisasça dizayner olan Güljan İreş tikmələrin bərpası üzrə qalereyanın direktorudur. O, 2006-cı ildə tikmələrin bərpası üzrə studiyanın, 2009-cu ildə isə rəssam A. Mırzayevlə birgə tikmələrin bərpası üzrə qalereyanın əsasını qoyub.
Güljan İreş 2010-cu ildə Nyu-Meksiko ştatında (ABŞ) tətbiqi-sənət üzrə rəssamlıq kurslarda iştirak edib və həmin ildə Hindistanda ipəkçiliyin dirçəlməsi üzrə təhsil alıb. O, 2012-ci ildə “Derbiş” adlı ilk kolleksiyasını yaradıb. 2014-cü ildə Tayvanda ilk fərdi sərgisi təşkil olunan Güljan İreşin Bişkək şəhərində keçirilən fərdi sərgisi ilin ən yaxşı sərgisi nominasiyasına layiq görülüb. Elə həmin il o, ikinci “Xantun” adlı tarixi kolleksiyanı yaradıb. 2015-ci ildə həmin kolleksiya “Dünyanın eposları” adlı beynəlxalq festivalda qrand-pri və Moskvada təşkil olunmuş “Moskva dəbi” müsabiqəsində qızıl heykəlcik qazanmışdır. Güljan İreş 2016-cı ildə Avropanın beş ölkəsində (İsveçrə, Fransa, Belçika, Niderland və Avstriya) mədəni layihənin keçirilməsi üzrə Kristensen fondundan qrand udmuşdur.
Bu layihə etnik musiqi konserti, tikmələrdən ibarət sərgi və “Xantun” etnik moda nümayişindən ibarət idi.
Unudulmaqda olan tikmələrin dirçəlməsi üzrə ustad dərslər “Azərbaycanın mədəni sərvəti” layihəsinin bir proqramıdır. Proqram YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın məqsədi bu sahə üzrə yeni kadrların yetişdirilməsi və muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılmasıdır.
Daha ətraflı məlumat:
www.azcarpetmuseum.com/
www.facebook.com/AzerbaycanXalcaMuzeyi/
Tel.(+99412) 497 20 16
Frame.az