Azərbaycanın turizm imkanları Türkiyədə təbliğ olunur
Azərbaycanın turizm imkanları aprelin 12-də Türkiyədə işinə başlayan “EMITT 2023” Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində təbliğ olunur.
4 gün davam edəcək sərgidə Dövlət Turizm Agentliyinin dəstəyi, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizi 2 yerli turizm şirkəti, hotel və mehmanxana qrupu və “Azərbaycan Hava Yolları” QSC təmsil edir.
Sərgi çərçivəsində turizm şirkətləri ilə B2B formatlı işgüzar görüşlər keçirilir və qarşılıqlı turist mübadiləsinə təkan verəcək ikitərəfli əməkdaşlıq imkanları dəyərləndirilir.
26-cı dəfə keçiriləcək və dünyanın 30 ölkəsindən 600 iştirakçı tərəfindən turizm məhsulları tanıdılacaq sərgi dünya üzrə 5 ən böyük sərgidən biri hesab olunur. Ötən il sərgi 110 ölkədən 33 595 nəfər ziyarətçi qəbul edib.
Türkiyə 2022-ci ildə Azərbaycana səfər edənlərin sayına görə ilk 5 ölkə arasında 2-ci yeri tutub. 2022-ci ilin statistikasına əsasən Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı 311 880 nəfər olub ki, bu da 2019-cu il rəqəmlərinin 99% bərpası deməkdir.