“Azərlotereya”da yeni təyinat
“Azərlotereya” ASC-də kadr dəyişikliyi olub. Şirkətin Marketinq üzrə yeni baş rəhbəri Dilarə Bəylərova təyin edilib.
D.Bəylərova, bundan öncə Azərbaycan Respublikasının Kosmik Agentliyində (Azərkosmos) Marketinq kommunikasiyaları və digital media üzrə rəhbər vəzifəsində çalışıb. Həmçinin 2011-2016-cı illərdə “Nar Mobile” – “Azerfon” MMC-nin Marketinq kommunikasiyaları departamentinin rəhbəri, 2016-2021-ci illərdə isə “Formula-1” Azərbaycan Qran Pri təşkilatçısı Bakı Şəhər Halqası şirkətində marketinq meneceri kimi fəaliyyət göstərib.
Kadr siyasətində peşəkar kollektivin formalaşdırılmasına önəm verən “Azərlotereya” ASC-də işçi sayı artmaqda davam edir. “Azərlotereya” ASC Türkiyə şirkətinə idarəetməyə verildikdən sonra əməkdaşlarının sayı 3 dəfədən çox artırılaraq 49-dan 181-ə qaldırılıb.
Beynəlxalq standartlarla ayaqlaşan fəaliyyət sferasında “Azərlotereya” ASC yerli əməkdaşlarla yanaşı xarici mütəxəssisləri də işə cəlb edir. Ölkənin qeyri-neft sektorunda əhəmiyyətli iştirakçıya çevrilmiş “Azərlotereya” ASC-də rəqabətli insan kapitalının formalaşdırılması əsas məqsədlərdən biridir. Müasir innovativ texnologiyaları tətbiq edən şirkət iş proseslərinin bütün mərhələləri daxil olmaqla dəyər zəncirini maksimum rəqəmsallaşdırır, dördüncü sənaye inqilabının töhfələrindən olan robotik proseslərin avtomatlaşdırılması kimi yenilikləri öz fəaliyyət sahələrinə inteqrasiya edərək işçilərin bu texnologiyalara və innovasiyalara dair biliklərini artırır.
“Azərlotereya” ASC üzvü olduğu Avropa Lotereyaları Assosiasiyası (EL), Dünya Lotereyaları Assosiasiyası (WLA), həmçinin “Scientific Games”, “Demirören Holding” və digər xarici partnyorların təqdim etdiyi seminarlarda öz işçilərinin iştirakını təşviq edərək kritik biznes tərəfdaşlarının müasir beynəlxalq standartlara bələd olması üçün mütəmadi olaraq məlumatlar bölüşərək təlimlər həyata keçirir.
“Azərlotereya” ASC-də işçilər peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların inkişafının artırılması məqsədilə münbit şərait və rəqabətə davamlı əmək haqqı ilə təmin olunurlar.