Azerbaijan Fashion Week, 12-ci mövsüm: Mahnılar, rəqslər və canlı ilan
Moda bir araya gətirir! Mayın 20-də Hilton Baku otelində növbəti, əsas mövzusu xalqlar arasında dostluq və sülh olan Azerbaijan Fashion Week / Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır.
Ötən cümə, mayın 20-si Azerbaijan Fashion Week / Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başladı. İlk gün Bakı sakinlərinə və paytaxtın qonaqlarına üç ölkə – Azərbaycan, Qazaxıstan və Türkiyənin səkkiz moda evi və atelyesi öz kolleksiyalarını təqdim etdi. Moda nümayişinin ilk iştirakçıları Ülkər Həsənova, Ny Gyul, Adili (Qazaxıstan), Miduamo, Eva Boutique, Mimiya (Türkiyə), Zu Sorelle, Günay İbrahimli oldular.
Azərbaycan Moda Həftəsi Ülkər Həsənovanın kolleksiyasının nümayişi ilə başladı. Azərbaycanlı dizayner gecə dəbdəbəsi mövzusunda işvəli obrazla sərt ciddiliyin vəhdətini təqdim etdi.
Ny Gyul Azərbaycan brendinin təqdim etdiyi kolleksiyanın əsas rəngləri çəhrayı, açıq yaşıl, zümrüdü və bej rənginin bütün çalarları idi. Nümayişin vurğusu ötən illərin geyim bağlarına edilmişdi.
Qazax brendi Adili müəllifin milli naxışlar emalatxanasının bəhrəsini təcəssüm etdirir. Markanın dizaynerləri əsas ideyaya xələl gətirmədən ready to wear kolleksiyalarında milli motivləri müasirləşdirməyə davam edirlər.
Yeri yaranmış Miduamo brendi iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı ideyasını təbliğ edir. Markanın təsisçisi və dizayneri Müjqan Bəşirova ekoloji modanın tərəfdarı olduğu üçün kolleksiyasında təbii parçalardan istifadə edir. Moda evinin nümayişi rəqslərlə başladı, sonda isə müəllif podiuma canlı aksesuar – diri ilanla çıxdı.
Eva Boutique moda evini detallara, xüsusən də parçaların dekorasiyasında əl işlərininə yetirdiyi diqqət fərqləndirir. Eva Boutique brendinin geyimləri parlamır, bərq vurur. Hər qiymətli daş-qaş, mirvari və kristal öz yerində hökmrandır. Bu mövsümdə kolleksiyanın müəllifləri plus-size geyimləri də nümayiş etdirdilər.
Türkiyənin brendi Mimiya sanki rəng müxtəlifliyinə xəsisliklə yanaşıb – demək olar ki, bütün kolleksiya ağa bürünüb və nadirən əlvan rənqlərin epizodik çıxışı nəzərə çarpır. Bununla belə, markanın dizayneri geyimlərin mövzu müxtəlifliyi və biçimini önə çıxarıb. Kolleksiyada həm 80-ci illərin çiyinli don üslublu paltolarına, həm over-size pencəklərə, həm də lələklərlə dekorasiya edilmiş şalvar-kostyum kimi fərqli geyim elementlərinə rast gəlinir.
Gəlinlik və ziyafət geyimlərində ixtisaslaşan Zu Sorelle atelyesi Moda Həftəsində rəng, parlaqlıq və zərifliyi nümayiş etdirdi. Zu Sorellenin ziyafət geyimləri parlaq dekorlarla bəzədilmiş qırmızı və yaşıl büzümlü, qatlı drapirovkalardırsa, gəlinlikləri bel xəttini vurğulayan, klassik formada biçilmiş geniş ətəklərdən və sayrışan krisrallardan ibarətdir.
Gunay İbrahimli öz adı altında ərsəyə gətirdiyi şəxsi brendinin ən gözəl nümunələrini təqdim etdi – parlaq over-size şalvar kostyumlardan ən iddialı ziyafət geyimlərinə qədər. Təbii ki, Günay xanım moda nümayişini öz ifasında mahnı ilə yekunlaşdırdı.
Azərbaycan Moda Həftəsinin 12-ci mövsümünün moda nümayişləri mayın 20-dən 22-dək, Hilton Baku otelində keçiriləcək.