Azercell-in dəstəklədiyi milli komanda Yeniyetmələrin Avropa İnformatika Olimipadasından nailiyyətlə vətənə dönüb
8-14 sentyabr 2023-cü il tarixlərində Gürcüstan Respublikasının Kutaisi şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOİ 2023) keçirilib. Fransa, Belçika, Estoniya, Macarıstan və ümumilikdə 24 Avropa ölkəsindən 96 məktəblinin təmsil olunduğu olimpiadada azərbaycanlı şagirdlər də iştirak edib.
4 nəfər şagirddən ibarət komanda ilə bu mötəbər elm yarışında iştirak edən məktəblilərimizin hər biri nailiyyətlə vətənə dönüb. Belə ki, Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli gümüş medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdləri Raul Cəfərli və Elvin İmanlı bürünc medala, Sumqayıt şəhəri, 23 nömrəli tam orta məktəb 9-cu sinif şagirdi Nəsir Bəşirov isə həvəsləndirici mükafata layiq görülüblər.
7-ci dəfə təşkil edilən Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında şagirdlərimiz 2017-ci ildən etibarən iştirak edirlər və ümumilikdə 3 gümüş, 6 bürünc medal qazanıblar.
Xatırladaq ki, məktəblilərin İnformatika fənni üzrə Beynəlxalq Olimpiadalara hazırlıq prosesi ölkənin aparıcı mobil operatoru “Azercell Telekom”un Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir.