Azercell Təhsil Nazirliyi ilə anlaşma memorandumu imzaladı
Azərbaycanda gənclərin peşəkar və fərdi inkişafına daim dəstək olan Azercell Telekom MMC bu qəbildən növbəti təşəbbüsə qoşuldu. Belə ki, Təhsil Nazirliyində Azercell Telekom MMC-nin də rəsmi tərəfdaşı olduğu SABAH Karyera Akademiyasının təqdimatı baş tutdu.
SABAH Karyera Akademiyası proqramı ilk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə hazırlanıb. Proqram çərçivəsində Təhsil Nazirliyi və Azercell istedadlı tələbələrin tədrisdənkənar fəaliyyətlərinin səmərəliliyini artırmaq, nəzəri və praktiki baxımdan hərtərəfli hazırlığa malik ali təhsilli gənclər yetişdirmək məqsədilə birgə fəaliyyət göstərirlər.
Təqdimat mərasimində çıxış edən Azercell Telekom MMC prezidenti Vahid Mürsəliyev bildirib ki, təmsil etdiyi şirkət Azərbaycanın təhsil sistemindəki yenilənməni, inkişaf tendensiyalarını davamlı olaraq izləyir: “Lakin biz müşahidəçi olmaqla kifayətlənməyib, öz yardımımızı, dəstəyimizi də əsirgəmirik. Azercell hər zaman təhsilə dəstək fəaliyyətini sosial məsuliyyət strategiyasının əsas sahəsi olaraq görüb. İstər paytaxtda, istərsə də regionlarda Azərbaycanın bir çox qabaqcıl universitetləri, məktəbləri ilə əməkdaşlıq edən şirkətimiz yüzlərlə tələbəyə iş imkanı yaradıb. Azercell 20 ildir ki, Azərbaycanın ən layiqli işəgötürəni siyahısında ön sıralardadır. Biz insana sərmayə ilə şirkətimizin, dövlətimizin inkişafına yatırım etmək yolunu seçmişik”.
Mürsəliyev qeyd edib ki, Azercell-in SABAH qrupu ilə əməkdaşlığa qərar verməsi təsadüfi deyil. Çünki bu layihə Azərbaycan təhsilinə yeni baxış, yeni yanaşma, yeni ruh gətirib: «Biz bunu dəyərləndirməyə bilməzdik və bu gün memorandum imzalamaqla bu əməkdaşlığı daha çox sistemləşdiririk. Təməlini qoyduğumuz əməkdaşlığın böyük uğurlara yol açacağına ümid edirəm».
Qeyd olunub ki, 17-20 fevral tarixlərində Qubada SABAH Karyera Qış Məktəbi təşkil olunacaq. Bu tədbirdə də Azercell Telekom MMC əməkdaşları tələbələrə gələcək karyeralarını qurmaqda faydalı ola biləcək sessiyalar təqdim edəcəklər.
İmza mərasimindən sonra Azercell təqaüdünə layiq görülmüş 9 tələbəyə sertifikat təqdim olundu. Həmçinin, Azercell şirkətinə tərəfdaşlıq sertifikatı da təqdim edildi.
Təqdimat mərasimində Təhsil Nazirliyi, SABAH qrupları layihəsi əməkdaşları, Akademiyanın rəsmi tərəfdaşlarının rəhbər əməkdaşları, tələbələr və media nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Azercell-in SABAH qrupları ilə bundan əvvəl də əməkdaşlığı olub. Ötən il Tələbə Təqaüd proqramı çərçivəsində Bakı şəhəri üzrə elan olunmuş yerlərin 50%-i Sabah Qruplarına ayrılıb. Barama İnnovasiya və Sahibkarlıq mərkəzi ilə əməkdaşlıq nəticəsində 6 ay müddətində davam edən inkubasiya proqramına seçilən 5 komandadan biri məhz SABAH qruplarının tələbələri olub. Ötən ilin sonunda SABAH qrupları tələbələri üçün Azercell Plazada tanışlıq səfəri təşkil edilib, onlar üçün “GSM Texnologiyası ilə tanışlıq”, “Məhsulların idarə olunması”, “Öz Brendini Yarat”movzularında qısa sessiyalar keçirilib.
SABAH qrupları Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014/2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılmış ən aparıcı layihələrdəndir. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. 2016/2017-ci tədris ilində SABAH qruplarından 7 ali təhsil müəssisəsi, 45 ixtisas üzrə 748 tələbə məzun olacaq. Frame.az