Azercell tələbələr üçün yeni imkanlar açır
Şirkət növbəti əmək yarmarkalarında iştirak edib
Ölkənin ən yaxşı işəgötürən şirkətlərindən biri olan “Azercell” istedadlı gənclərin işə cəlb olunmasına, peşəkar kadrların yetişdirilməsinə, onların bilik və bacarıqlarının artırılmasına daim xüsusi diqqət ayırır. Tələbə və məzunlar üçün keçirilən əmək yarmakalarında fəal iştirak edən “Azercell” bu dəfə də ənənəsinə sadiq qalıb.
Belə ki, “Azercell Telekom” MMC Qərbi Kaspi Universitetində keçirilən əmək yarmarkasında iştirak edib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil edilən tədbirin məqsədi qısa müddət ərzində işəgötürənlərin zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə kömək göstərilməsindən ibarətdir.
“Azercell Telekom” MMC-nin gənclərin peşəkar kadr hazırlığına dəstək məqsədilə iştirak etdiyi digər platformalar arasında “IBM Cybersecurity Analyst Professional Certificate” və “Google Data Analytics Professional Certificate” inkişaf proqramları çərçivəsində təşkil olunan əmək yarmarkası xüsusi yer tutur. Sərgidə 200-dən artıq gənc, data analitikası və kibertəhlükəsizlik üzrə kadr axtarışında olan müəssisə və təşkilatlar iştirak ediblər.
Yarmarka çərçivəsində “Azercell”in İnsan Kapitalının İdarə Edilməsi departamentinin mütəxəssisləri iş axtaran gəncləri maraqlandıran sualları cavablandırıb, şirkətdə mövcud vakansiyalar, iş şəraiti, namizədlər üçün tələblər və kadrların seçilməsi, tələbələr üçün təşkil edilən təcrübə və təqaüd proqramları haqqında ətraflı məlumatı bölüşüblər.
On beş ildən artıqdır ki, Azərbaycan universitetlərində təhsil alan istedadlı gənclər “Azercell”in xüsusi “Tələbə Təqaüdü” ilə təltif olunur və “Təcrübə Proqramları” çərçivəsində şirkətdə iş təcrübəsi ilə yanaşı müxtəlif təlimlərdən də faydalana bilirlər.