“AzerGold”un sədri 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüşünü keçirib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qaliblərindən biri olan Vüqar Mamedov ilə növbəti görüşünü keçirib.
QSC-dən bildirilib ki, görüşdə müsabiqə qalibi ilə 1 illik fərdi inkişaf planı nəzərdən keçirilib, proqram müddətində görüləcək işlər müzakirə edilib. Həmçinin fərdi inkişaf üzrə prioritetlərin müəyyənləşdirilməsi məqsədilə növbəti bir ay üçün fəaliyyət proqramı razılaşdırılıb. Belə ki, 1 aylıq müddətdə müsabiqə qalibinin SWOT analizi aparılacaq, fərdi və peşəkar inkişaf ehtiyacları müəyyənləşdiriləcək.
Bundan başqa, görüşdə Z.İbrahimov tərəfindən müsabiqə qalibinin idarəçilikdə karyera planlaması, müstəqil qərar qəbuletmə, peşəkarlıq vərdişlərinin artırılmasına dair sualları cavablandırılıb, uzunmüddətli və proqressiv inkişafyönümlü tövsiyələr verilib.
V.Mamedov səmimi qəbula görə “AzerGold” QSC-nin İdarə Heyətinin sədrinə təşəkkür edib, görüşdə aparılan müzakirələrin, verilən tövsiyələrin növbəti 1 ay üçün razılaşdırılmış tapşırıqların icrasında, eləcə də ümumi proqram müddətində görüləcək işlərdə ruhlandırıcı və istiqamətverici faktorlar kimi effektiv təsir gücünə malik olacağına əminliyini ifadə edib.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən bir illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, sayca 4-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də imzalanıb.