“AzInTelecom” və DOST Agentliyi həssas əhali qrupu ilə bağlı yeni layihəyə start verir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC həssas əhali qrupuna aid olan vətəndaşların rəqəmsal xidmətlərə əlçatanlığının artırılması məqsədilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) ilə birgə yeni layihəyə start verib.
Nazirlikdən bildirilib ki, layihənin məqsədi DOST mərkəzlərinə müraciət edən vətəndaşların “AzInTelecom”un yaratdığı SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə heç yerə getmədən dövlət xidmətlərindən faydalanması istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir.
Layihə çərçivəsində ilk olaraq agentliyin “Könüllü DOST” proqramının seçilmiş iştirakçılarına “AzInTelecom”un mütəxəssisləri təlim keçiblər.
Təlimi uğurla bitirən könüllülər DOST mərkəzlərinə gələn həssas əhali qrupuna aid vətəndaşlara SİMA və onun vasitəsilə əldə edəcəkləri xidmətlər haqda məlumat verəcəklər.
Həmçinin SİMA tətbiqinin mobil cihaza yüklənməsi və qeydiyyatdan keçərək rəqəmsal imzanın əldə edilməsində dəstək olacaqlar.
Hazırda 12-si dövlət qurumu olmaqla, ümumilikdə 70-dən çox müəssisənin SİMA yeni nəsil rəqəmsal imza ilə inteqrasiyası davam etdirilir.