SosialTəqdimat

“Azərbaycan əsirlərinə qarşı yol verilən qanunsuzluqlara son qoyulmalıdır”

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə 1 il əvvəl seçilən Səbinə Əliyeva bu müddətdə görülən işlər, xüsusilə 44 günlük Vətən Müharibəsi ərzində Ombudsman aparatının fəaliyyəti barədə AVTO 107.7 FM-də yayımlanan “Tam Vaxtı” verilişində danışıb.

Ombudsman bildirib ki, müvəkkil seçildikdən sonra ilk olaraq həssas əhali qurupları ilə işə diqqəti artırıb. Bu məqsədlə Aparatda müəyyən struktur islahatları da həyata keçirilib:

“Struktur islahatları çərçivəsində əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə məşğul olan ayrıca sektor fəaliyyətə başlayıb. Bundan əlavə Ombudsman haqqında Konstitusiya qanununa uyğun olaraq müvəkkil informasiya sahibi olan dövlət orqanlarının, yerli idarəetmə orqanlarının, vəzifəli şəxslərin informasiya əldə etmək haqqında Azərbaycan Respublikasının qanununun tələblərindən irəli gələn vəzifələrinin yerinə yetirilməsinə nəzarəti həyata keçirir. Bununla əlaqədar təşəbbüsümlə Aparatda informasiya əldə etmək hüququnun müdafiəsi şöbəsi yaradılıb. Müasir informasiya texnologiyalarından istifadə edərək 916 Vahid Çağrı Mərkəzi yaradılıb”.

Xanım Ombudsman Vətən Müharibəsi dövründə görülən işlərdən də bəhs edib. O, bildirib ki, dinc əhaliyə qarşı yönələn raket hücumlarının həyata keçirildiyi şəhər və rayonlara dəfələrlə səfər edib:

“Ümumilikdə həmin ərazilərdə 6 fakt araşdırma missiyası həyata keçirilib. Bu səfər və araşdırmalar əsasında geniş hesabatlar hazırlanaraq Ermənistanın beynəlxalq humanitar hüququ pozması barədə məlumatlar beynəlxalq ictimaiyyətə çatdırlıb. Mən diplomatik korpuslarla da mütəmadi görüşlər keçirmişəm, həmin hesabatları onların diqqətinə çatdırmışam. Türkiyə Cumhuriyyətinin Ombudsmanı Şərəf Malkoç geniş nümayəndə heyəti ilə birgə mənim dəvətimlə Azərbaycana səfərə gəldi. Həmin səfər çərçivəsində aparılan araşdırmaların hesabatı da beynəlxalq təşkilatlara göndərilib. Ermənistan tərəfindən əsir götürülmüş şəxslərin məsələsi ilə bağlı biz sistematik işlər görürürk. Beynəlxalq səviyyədə milli insan hüuquqları təsisatları ilə əlaqədəyik. Bunun nəticəsidir ki, bir çox ölkələrin nümayəndələri Vətən Müharibəsi zamanı ölkəmizə dəstəyini ifadə etdilər. Biz işimizi yekunlaşdırmamışıq, işimiz indən belə başlayır. Bizim işimiz post-konflikt dövrünü də əhatə edir, ayrı-ayrılıqda Ağdam, Zəngilan, Fizulidə baş vermiş hüquq pozuntuları, tarixi, mədəni, dini abidələrimizə qarşı törədilən cinayətlər, dinc sakinlərimizin pozulmuş hüquqlarını əhatə edəcək hesabatların hazırlanmasına başlamışıq”.

Səbinə Əliyeva cari ilin sentyabr ayından etibarən Ermənistanın Azərbaycana qarşı təkrar hərbi təcavüzü nəticəsində əsir düşmüş Azərbaycan əsgərlərinə münasibətdə beynəlxalq hüquq normalarının və humanitar hüquq qaydalarının kobud şəkildə pozulmasını da vurğulayıb:

“Biz artıq əsirlərin işgəncələrə, alçaldıcı rəftara məruz qalmaları və digər faktlarla bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciətlər ünvanlamışıq. Müraciətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əsirlərinə qarşı törədilən qeyri-insani rəftarla bağlı faktlar əks etdirilməklə beynəlxalq təşkilatlar tərəfindən müvafiq araşdırmanın aparılması, Azərbaycan əsirlərinə qarşı yol verilən qanunsuzluqlara son qoyulması, hərbi əsirlərin beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq Azərbaycana qaytarılması, o cümlədən Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin insan hüquq və azadlıqlarını kobud şəkildə pozan, beynəlxalq hüquq normaları ilə hərbi cinayət sayılan əməllərinə beynəlxalq hüquqi məsuliyyətin müəyyən edilməsi üçün zəruri addımların atılmasını tələb etmişik. Əsir düşmüş vətəndaşlarımızın vəziyyəti ilə bağlı beynəlxalq təşkilatlarla, həmçinin həmin şəxslərin ailələri ilə, demək olar ki, mən hər gün əlaqə saxlayıram. Çalışırıq ki, əsirlərlə bağlı məsələlər tez bir zamanda öz əksini tapsın. Mən Azərbaycanda saxlanılan Ermənistan əsilli əsirlərlə dəfələrlə görüşmüşəm. Onların saxlanma şəraiti ilə tanış olmuşam, ailələri ilə telefon əlaqəsi yaratmalarına şərait yaratmışam. Onlarla söhbətlərimiz əsnasında ailələri ilə danışdıqlarını, saxlanma şəraitindən məmnunluqlarını bildiriblər. Lakin Ermənistanın Ombudsmanı bircə dəfə də olsun azərbaycanlı əsirlərlə görüşməyib. Azərbaycanlı əsirlərlə bağlı beynəlxalq ictimaiyyətə məlumat verməyiblər”.

Sonda Səbinə xanım, 10 dekabr tarixinin Beynəlxalq İnsan Hüquqları Günü olduğunu qeyd edib və bildirib ki, Azərbaycan daim qoşulduğu bütün beynəlxalq hüquq normalarının və azadlıqlarının qorunması üçün çalışır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!