Azərbaycanda Medianın İnkişafı Agentliyi yaradılıb
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb.
Frame.az-ın məlumatına görə, fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Beləliklə, Medianın İnkişafı Agentliyi KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir. Agentliyin nizamnamə fondu 285 min 405 manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr və 6 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;
Agentliyin fəaliyyətinə cari rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir.
Fərmanla həmçinin Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi təsdiq edilib.