Babek Salek:“Bu mükafatın təsis olunması diabet sahəsində işləyənlər üçün böyük stimul olacaq”
Elə xəstəliklər var ki, gizli şəkildə başlayır və insan orqanizmini tədricən sıradan çıxarır. Və təəssüf ki, xəstələnməsindən gec xəbər tutduqlarına görə, belə insanlar daha tez dünyasını dəyişirlər. Bu cür xəstəliklərdən biri də şəkərli diabetdir.
Artıq sübut olunmuş faktdır ki, diabetli pasiyentlərin təxminən yarısı bu xəstəliyə tutulduqlarını bilmirlər. Bu səbəbdən də vaxtında müalicəyə başlamır, artıq fəsadlar ortaya çıxanda hərəkətə keçirlər, hansı ki, artıq gec olur – pasiyentin yaşamaq şansı azalır. Buna görə də məhz şəkərli diabetlə bağlı əhali arasında maarifləndirmənin gücləndirilməsi böyük önəm daşıyır.
Respublika Endokrinoloji Mərkəzin direktor müavini, mükafatın Məsləhət Şurasının üzvü Babək Salek deyir ki, istənilən vasitə ilə əhalinin diqqətini bu problemə cəlb etmək vacibdir. Çünki dünyanın istənilən ölkəsində olduğu kimi Azərbaycanda da xəstələrin sayı artır. Son 8 ayın statistikasına əsasən, respublikada təxminən 242 min şəkərli xəstə endokrinoloji mərkəzdə qeydiyyata alınıb. Onların 1553 uşaqdır. Bu da ötən ilə nisbətən 12 faiz artım deməkdir. Göstərilən rəqəm sadəcə qeydiyyatda olan xəstələrin sayıdır. Qeydiyyatda olmayan pasiyentlər də var ki, onlar müxtəlif səbəblərdən mərkəzə müraciət etmir və ya xəstəliklərindən xəbərsizdirlər.
B.Salek bildirir ki, şəkərli diabet insanda həyat, o cümlədən yaşama keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Çünki bu xəstəlik demək olar bütün orqanlarda fəsadların yaranması ilə müşayiət olunur. Həkimlərin məqsədi bu cür fəsadların qarşısının alınmasına nail olmaqdır. Bunun üçün isə pasiyentlər özünənəzarət qaydalarını düzgün bilməlidirlər. Məsələn, çox hallarda pasiyentlər insulini düzgün vurmurlar:
”Bəzən görürsən ki, pasiyent uzunmüddətli insulin qəbul edir, müalicə gedir, amma irəliləyiş yoxdur. Çünki insulini düzgün, vaxtında vurmurlar. İnsulinin yeməkdən əvvəl və ya sonra vurulmasının böyük önəmi var. Yaxud, neçə illərin pasiyenti “nəyi yemək olar” sualını verir. Pəhrizlə yanaşı, diabeti olan pasiyentlərdəayağa qulluq da böyük önəm daşıyır. Bunun üçün ilk növbədə ayaq təmizliyinə riayət etmək lazımdır. Hər gün daban və barmaqlararası nahiyəyə, ayağın üstünə və altına diqqətlə baxmaq lazımdır. Pasiyentin yaxınların onun ayaqqabısının içini hər gün yoxlamalıdırlar. Çünki ayaqqabının içinə daş, balıqqulağı düşüb ayağı zədələyə bilər. Pasiyentin isə bundan xəbəri olmaya bilər və ayaqda zədələnmə son nəticədə qanqrenaya səbəb ola bilər. Digər tərəfdən, ayaq dırnaqlarını yumşaq olarkən düz kəsmək lazımdır. Dırnaqlar dərini zədələmədən tutulmalıdır. Geniş, ayağa rahat oturan, ölçüyə uyğun ayaqqabı seçilməlidir. Bütün bunlara əməl olunması vacib şərtlərdir”.
Babek Salekin sözlərinə görə, Azərbaycanda endokrinoloji xidmət çərçivəsində fəaliyyət göstərən diabet məktəblərində bu cür pasiyentlərə özünə nəzarət öyrədilir. Buna baxmayaraq, hələ də əhali arasında bu sahədə bilgi kifayət qədər deyil: “Bu baxımdan, təlim işini də gücləndirməyə ehtiyac var. Və burada həkimlərin də məsuliyyəti böyükdür. Çünki əhalinin maarifləndirilməsi, diabetli pasiyentlərə özlərinə düzgün qulluq qaydalarının öyrədilməsi çətin işdir. Hər kəsə onun özünün anladığı dildə məlumatlar çatdırılmalıdır. Pasiyentlərin sayının artdığı indiki dövrdə bu, çox çətin bir işdir. İllərdir bu işlə məşğul olanların əməyinin “Azerbaijan Changing DiabetesTM Awards” kimi mötəbər bir layihə çərçivəsində qiymətləndirilməsi həm onlar, həm də ümumilikdə cəmiyyətimiz üçün böyük stimul olacaq”.
Heydər Əliyev Fondunun Novo Nordisk şirkəti ilə birgə təşəbbüsü olan“Azerbaijan Changing DiabetesTM Awards” layihəsinin təsis olunmasının əsas məqsədi də elə şəkərli diabetə və onunla mübarizəyə cəmiyyətin diqqətini cəlb etməkdir. Mediada yayılan məlumatlardan məlum olduğu kimi, “Azerbaijan Changing DiabetesTM Awards” layihəsi çərçivəsində Azərbaycanda diabetlə mübarizədə öz sözünü demiş bir sıra peşə sahibləri mükafatlandırılacaq.
Bu sırada “İlin ən yaxşı həkimi”, ”İlin ən yaxşı tədqiqatçısı” “İlin ən yaxşı jurnalisti” və “İlin ən yaxşı təlimçisi”-nin adları açıqlanacaq. Ətraflı məlumat üçün zəhmət olmasa bu linkə daxil olun: http://heydar-aliyev-foundation.org/az/content/view/59/4558/D%C4%B0ABETL%C6%8F-M%C3%9CBAR%C4%B0Z%C6%8F-SAH%C6%8FS%C4%B0ND%C6%8F-%E2%80%9CAZERBAIJAN-CHANGING-DIABETESTM-AWARDS%E2%80%9D-M%C3%9CKAFATI-T%C6%8FQD%C4%B0M-OLUNACAQ
Frame.az