“BAKI-2019” 15-Cİ AVROPA GƏNCLƏR YAY OLİMPİYA FESTİVALINİN MEDALLARI TƏQDİM EDİLİB
“Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalında fəxri kürsüdə yer alacaq idmançılara təqdim olunacaq medallar nümayiş olunub.
Xüsusi olaraq hazırlanmış medal dəsti Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərləri üçün təşkil olunmuş seminarda təqdim olunub.
Mərkəzində “Bakı-2019”-un loqosu əks olunmuş qızıl, gümüş və bürünc medalların dizaynı Bakının irs və mədəniyyətini, eləcə də birlik və dostluq konsepsiyasını birləşdirən təsvirlərə əsaslanır. Od və Azərbaycan paytaxtının möhtəşəm müasir memarlıq abidələrindən olan Alov Qüllələri və Heydər Əliyev Mərkəzinin görünüşünü özündə əks etdirir.
Medalın digər üzündə isə Avropa Olimpiya Komitəsinin emblemi əks olunub.
Medallar “Azərsuvenir” MMC tərəfindən “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin dizayn komandası ilə əməkdaşlıq şəraitində hazırlanıb.
“Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalında 135 mükafatlandırma mərasimi keçiriləcək. Yarışlarda idmançılar 298 dəst medal uğrunda yarışacaq.
Təqdim olunan medalların dizaynı barədə danışan Gənclər və İdman naziri Azad Rəhimov vurğulayıb: “Oyunların başlanmasına qısa vaxtın qaldığı dövrdə medalların təqdimatı çox önəmli hadisədir. Onlar baş tutacaq festivalın üç vacib dəyərini özlərində əks etdirir – yenilik, keyfiyyət və şəffaflıq”.
Hədiyyə medal dəsti təntənəli sürətdə Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçkiyə təqdim edilib.
Corce Visaçki qeyd edib: “Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalının rəsmi medallarını görməkdən böyük məmnunluq hissi duyuruq. Hər bir idmançı üçün mükafat onun uğur və qələbələrinin simvolu olaraq əbədi qalır. Biz bütün idmançıların olimpiya dəyərlərini bölüşdüyünə və onların bir daha Azərbaycandan öz evlərinə, ölkələrinə uğurlarının böyük sevinc hissini, həmçinin dostluq, dözümlülük və sülh mesajlarını aparacaqlarına böyük inam bəsləyirik”.
Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü – gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.
Frame.az