Bakı aeroportunun sərnişin dövriyyəsi 2023-cü ilin 11 ayında 5,3 milyonu ötüb
2023-cü ilin yanvar-noyabr aylarında Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin axınının əhəmiyyətli dərəcədə artıdığını müşahidə etmək mümkündür.
Belə ki, bu ilin 11 ayı ərzində Bakı hava limanının ümumi sərnişin dövriyyəsi 31,2 faiz artaraq 5 milyon 301 min nəfər təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 4 milyon 40 min nəfər olub. Bu müddət ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 45 minə yaxın reys həyata keçirilib.
Beynəlxalq istiqamətlərdə daşınan bütün sərnişinlərin 58,5 faizi xarici aviadaşıyıcıların payına düşür ki, bu dövrdə onlar tərəfindən 2 milyon 710 min sərnişin daşınıb. Bakı hava limanından sərnişin daşımalarının qalan hissəsini isə “Azərbaycan Hava Yolları” (AZAL) həyata keçirib. Bu dövrdə AZAL 1 milyon 925 mindən çox sərnişinə beynəlxalq uçuşlarda, 660 min sərnişinə isə Naxçıvan istiqamətində xidmət göstərib.
2023-cü ilin 11 ayı ərzində 42 aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlar həyata keçirib ki, onların da 18-si aşağıbüdcəli aviadaşıyıcılardır. Onların payına düşən sərnişinlərin sayı ümumi xarici aviaşirkətlərə nisbətdə 43,4 faiz təşkil edib. Ümumilikdə, ən çox sərnişin “Turkish Airlines”, “Georgian Wings”, “Aeroflot”, “Utair” və “FlyDubai” aviaşirkətləri tərəfindən daşınıb.
Qeyd edək ki, sərnişinlər üçün əlçatanlığın və rahatlığın təmin olunması məqsədilə Azərbaycana uçuşlar həyata keçirən xarici aviaşirkətlərlə əməkdaşlığın genişləndirilməsi hazırda da davam etdirilir.