EventsMədəniyyətTəqdimat

Bakı Beynəlxalq Kitab Sərgisinə hazırlıq prosesi naşirlərlə birgə müzakirə edilib  

10-cu Bakı Beynəlxalq Kitab Sərgisinə hazırlıq prosesi ilə əlaqədar 26 sentyabr 2024-cü il tarixində Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin və nəşriyyat rəhbərlərinin iştirakı ilə görüş keçirilib.

Bakı Beynəlxalq Kitab Sərgisinin Təşkilat Komitəsinin sədri, nazir müavini Fərid Cəfərov bildirib ki, bu il sərginin 10 illik yubileyidir və ötən illərlə müqayisədə sərginin müddəti uzadılıb. İlk dəfə olaraq builki sərgi 7 gün fəaliyyət göstərəcək. Kitab Festivalı çərçivəsində müxtəlif formatda 320-dən çox tədbir təşkil olunacaq və bu statsitika Bakı Beynəlxalq Kitab Sərgisinin 15 illik tarixində ən yüksək göstəricidir.

Nazir müavini qeyd edib ki, sərgidə 19 ölkədən 56 xarici təşkilat, kitab sənayesinin 110 subyekti iştirak edəcək və builki sərginin fəxri qonağı İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) olacaqdır.

Görüş çərçivəsində sərginin ümumi proqramı, Bakı Ekspo Mərkəzinə təşkil olunacaq avtobusların gediş-gəliş qrafiki və marşrut xətləri, sərginin təbliğatı ilə əlaqədar qarşılıqlı görüləcək işlər, nəşriyyatlar tərəfindən kitablara böyük endirimlərin tətbiq olunması və digər təşkilati məsələlərlə bağlı geniş müzakirə aparılmışdır.

Sonda Nazirliyin dəstəyi ilə beynəlxalq kitab sərgilərində yerli nəşriyyatların iştirakına dəstək göstərilməsi, regionlarda kitab sərgilərinin təşkil olunması və mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə birgə layihələrin həyata keçirilməsi məsələləri də müzakirə edilmişdir.

Məlumat üçün bildiririk ki, ölkəmizdə kitab sənayesinin inkişafı və mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə Mədəniyyət Nazirliyi və kitab industriyasının subyektləri arasında mütəmadi olaraq görüşlər keçirilir.

Bundan əvvəl 20 sentyabr 2024-cü il tarixində də qeyd olunan məsələlərin müzakirəsi məqsədilə naşirlərlə müvafiq görüş keçirilmişdir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!