I Bakı Beynəlxalq Su Həftəsi davam edir-FOTO-lar
14-18 mart 2017-ci il tarixlərində Bakı şəhərində “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında I Bakı Beynəlxalq Su Həftəsi keçiriləcək. BMT-nin “Davamlı İnkişaf Məqsədləri-2030” hədəflərindən biri olan “Təmiz su və sanitariya” hədəfini dəstəkləyən Beynəlxalq Su Həftəsi çərçivəsində keçiriləcək tədbirlər qlobal miqyasda əsas çağırışlardan sayılan insanların keyfiyyətli və davamlı olaraq sudan istifadəsinin təmin edilməsi, su çatışmazlığı ilə bağlı təhdidlərin aradan qaldırılması, ətraf mühit və iqlim dəyişiklikləri kimi məsələlərin ətraflı və çoxşaxəli müzakirəsi, çıxış yollarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində Dünya Su Şurası İdarə Heyətinin 61-ci Toplantısı, 8-ci Dünya Su Forumunun Beynəlxalq Aparıcı Komitəsinin 4-cü iclası baş tutacaq, eyni zamanda Şollar-Bakı Su təchizatı Qurğuları Kompleksinin istismara verilməsinin 100 illik yubileyi qeyd olunacaq. Su həftəsi çərçivəsində keçirilən tədbirlərə dünyanın 40-a yaxın ölkəsindən, beynəlxalq təşkilatlardan, işgüzar dairələrdən nümayəndələrin qatılması bu mötəbər tədbirə marağın yüksək olduğunu göstərir.
Həftə çərçivəsində Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyi ilə əlaqədar “Azərsu” ASC və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Konfransda “Şollar su kəməri – dayanıqlı və etibarlı su təchizatı sistemi”, “Qədim tarixi su qurğuları”, “Müasir su təchizatı sistemləri: inkişaf, innovasiya və nailiyyətlər”, “İqlim dəyişikliyi, ətraf mühit və su təhlükəsizliyi” mövzularında sessiyalar təşkil ediləcək.
Yubiley tədbirləri çərçivəsində Şollar-Bakı Su Qurğuları Kompleksi barədə foto və rəsm sərgiləri keçiriləcək, “Azərsu” ASC və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi “Şollar-Bakı su qurğuları kompleksi – 100 il: əbədi həyat mənbəyi” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanacaqdır.
Həftə müddətində xarici qonaqların Şollar su mənbəyinə, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə, Heydər Əliyev Mərkəzinə səfərləri təşkil olunacaq. Həftənin sonuncu günü, martın 18-də Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ərazisində xarici qonaqların iştirakı ilə ağacəkmə aksiyası keçiriləcəkdir.
I Bakı Beynəlxalq Su Həftəsi Azərbaycan xalqının milli bayramlarından olan və YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Novruz Bayramı ərəfəsinə təsadüf ediyindən ölkəmizə gələn qonaqlar Azərbaycan milli mədəniyyətinin nümunələri ilə yaxından tanış olmaq imkanı da qazanacaqlar. Frame.az