IdmanTəqdimat

Bakı Şəhər Halqası ilə ASAN Radio arasında əməkdaşlıq memorandumu imzalanıb

Yanvarın 10-da Formula 1-in Azərbaycandakı promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə ASAN Radio arasında informasiya və digər əlaqəli sahələrlə bağlı əməkdaşlığa dair memorandum imzalanıb.

Memorandumu BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ilə ASAN Radionun direktoru Emin Musavi imzalayıblar. Tərəflər ölkə ictimaiyyətinin Azərbaycanda keçirilən Formula 1 yarışı haqqında məlumatlandırılması istiqamətində tərəfdaşlıq qurmaqdan böyük məmnunluğunu bildiriblər.

BŞH-nin sözçüsü Nigar Arpadarai ASAN Radio ilə qurulan əməkdaşlığın yeni imkanlar yaratdığını deyib: “Bu gün biz “ASAN xidmət”lə olan əməkdaşlığımızı daha da genişləndiririk. Bu xidmətin tərkibində fəaliyyət göstərən “ASAN Radio” ilə qurduğumuz yeni əməkdaşlıq bizə 2017-ci ilin yayında Bakıda baş tutacaq ikinci Formula 1 yarışı haqqında ölkə ictimaiyyətini daha ətraflı şəkildə məlumatlandırmağa imkan yaradacaq. İnanıram ki, biz qarşılıqlı əməkdaşlıqla Azərbaycanda Formula 1 mədəniyyətinin yüksək səviyyədə formalaşmasına nail ola biləcəyik”.

ASAN Radionun direktoru Emin Musavi:” “ASAN Radio” Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə əməkdaşlığa başlamaqdan qürur hissi keçirir və bunun çox böyük məsuliyyət olduğunu anlayır. Bu memorandumla “ASAN Radio” mötəbər yarışın eksklüziv radio tərəfdaşı statusunu qazanır. 2016-cı ildə Bakıda keçirilən “Formula 1 “ yarışında “ASAN Radio” çox fəal iştirak edib. Bundan əlavə, xüsusi vurğulamaq istərdim ki, dünya miqyaslı bu cür tədbirlərdə informasiya tərəfdaşı olmaqla “ASAN Radio” Azərbaycanın dünyaya tanıdılmasında da müstəsna rol oynayacaq.”

Memoranduma əsasən, ASAN Radio dinləyici auditoriyasını əməliyyat şirkətinin fəaliyyəti haqqında mütəmadi şəkildə məlumatlandıracaq və bununla əlaqədar çarxlar hazırlayaraq radioda yayımlayacaq.

Bundan başqa, ASAN Radio BŞH-nin keçirəcəyi tədbirlərdə informasiya tərəfdaşı kimi çıxış edəcək və 2017 Formula 1 Azərbaycan Qran Prisi zamanı əməliyyat şirkətinin fəaliyyətinə dair informasiya dəstəyi göstərəcək.

Eyni zamanda tərəflər operativ və sürətli əlaqənin qurulması məqsədi ilə əlaqədar şəxslərin müəyyən edilməsi sahəsində də birgə fəaliyyət göstərəcəklər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!