Bakı Şopinq Festivalı başladı – FOTO-lar
Dünən İçərişəhərdə yerləşən Qoşa qala qapısında Bakı Şopinq Festivalına həsr olunmuş şou-proqram təşkil edilib.
Mədəniyyət və Turizm Nazirliyi, Bakı Konqreslər Bürosu və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə təşkil edilən konsert proqramında “Natiq” ritm qrupu, “Qaya” ansamblı, Murad Arif, Cəbrayıl Rəsulov, Günay İbrahimli, Sabir Əhmədov, Azad Şabanov, Emiliya Yaqubova, Nurlan Növrəsli, Nura Suri və digər tanınmış müğənnilər çıxış ediblər. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov jurnalistlərə bildirib ki, festival çərçivəsində bir sıra mədəni tədbirlər keçiriləcək.
“Festivalla bağlı ictimaiyyətdə kifayət qədər məlumat var. Onlara maqazinlərin siyahısı geniş şəkildə təqdim olunub. Alış- veriş həvəskarlarına demək istəyirik ki, bu ilk siyahıdır və siyahılar hər gün yeniləcək. Artıq 110-a yaxın maqazin, bundan əlavə 50-yə yaxın mehmanxana və restoran şəbəkəsi də bu festivala qoşulub.
Vergilər nazirliyi ilə birlikdə yeddi alış- veriş mərkəzində artıq xüsusi köşklər quraşdırılıb. Vergilər Nazirliyinin əməkdaşları tərəfindən xidmət aprılır”. V.Şıxməmmədov qeyd edib ki, vətəndaşlarımız, eləcə də əcnəbilər alış-veriş mərkəzindən nəsə alan zaman qəbzi həmin köşklərə yaxınlaşaraq təsdiq etdirməli və elə həmin alış veriş mərkəzində olan müvəkkil bankların birinə yaxınlaşaraq ƏDV-ni geri almaq imkanından yararlanmalıdırlar. “Festival çərçivəsində müəyyən güzəştlər olacaq. Alış- veriş mərkəzlərində hansısa layihələr, loteriyalar oynalınalacaq. Həmin restoranlar və mehmanxanalar bu imkanları təqdim etməklə bu və ya digər formda festivalın tərkib hissəsi olacaqlar . Mayın 10-na qədər davam edəcək festival çərçivəsində ilk dəfə olaraq Azərbaycan vətəndaşlarının da alış-verişinə “tax free” sistemi tətbiq ediləcək. Növbəti festivalın isə bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulub”.