Bakıda 4-cü “Qələbə qaçışı” təşkil edilib
Bakıda 4-cü “Qələbə qaçışı” təşkil edilib
Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə noyabrın 3-də Bakıda dördüncü “Qələbə qaçışı” adlı xeyriyyə tədbiri keçirilib. “Qürurla irəli” şüarı ilə təşkil edilən qaçış Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin dördüncü ildönümünə həsr olunub.
Startdan öncə Dövlət Himni səsləndirilib, Vətən müharibəsində canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürüb, 10 km məsafəni qət edərək eyni məkanda finişə çatıblar.
1600-dən çox iştirakçının qeydiyyatdan keçdiyi qaçışda Elman Abişov kişilər kateqoriyasında birinci olub. Samir Hüseynov yarışı ikinci, Musa Mikayilzadə isə üçüncü pillədə başa vurublar. Qadınlar arasında isə Anna Yusupova, Leyla Abdinova, Natalya Vallek ilk üçlükdə qərarlaşıblar.
Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva təqdim ediblər.
Tədbir çərçivəsində “Sağlam həyat” səyyar avtomobili finiş zonasında olub. Burada müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar iştirakçıların marağına səbəb olub. Qaçış mərhələsi başa çatdıqdan sonra ərazidə əyləncəli konsert proqramı təşkil olunub. Tədbirin qonaqları Hiss və Mərdan Kazımovun ifasında musiqi nömrələri əhali tərəfindən böyük coşqu ilə qarşılanıb.
Tədbirin əsas məqsədi Azərbaycan xalqının həmrəyliyini bir daha nümayiş etdirmək, şəhidlərimizi ehtiramla anmaq və qazilərimizə, onların ailələrinə əbədi minnətdarlığımızı ifadə etmək idi. Qaçışdan toplanan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.