EventsMədəniyyətSərgiTəqdimat

Bakıda Avropa Günləri təşəbbüsü çərçivəsində bədii sənətlər sərgisi açılıb

Azərbaycan ilk dəfə Avropada mədəniyyət sahəsində ən böyük təşəbbüsə – Avropa Bədii Sənətlər Günlərinə (EACD) qoşulub. Artıq 16-cı dəfə keçirilən tədbir 20 ölkədə martın 28-dən aprelin 3-dək keçirilir.

Bu təşəbbüs çərçivəsində “NUR Art House” qalereyasında Avropa İttifaqı, “World Crafts Council Europe” və “The Creative Europe Programme” təşkilatlarının dəstəyi ilə “Arts Council Azerbaijan” istehsalat birliyi ilə birgə təşkil olunmuş xalça sərgisinin açılışı olub. Sərginin təşkilindən məqsəd incəsənətin və Azərbaycanın zəngin mədəni irsinin, qədim xalq ənənələrinin tərkib hissəsi olan xalçaçılıq sənətinin təbliğidir.

Sərginin açılış mərasimində çıxış edən “Arts Council Azerbaijan”ın rəhbəri Dadaş Məmmədov qeyd edib ki, Avropa Bədii Sənətlər Günləri (Journées Européennes des Métiers d’Art, JEMA/EACD) 2002-ci ildə Fransada biennale formatında təsis edilib. Sərgilər, konfranslar və digər tədbirləri ehtiva edən bu tədbir 2011-ci ildən başlayaraq hər il keçirilir. Artıq 2012-ci ildə EACD təşəbbüsündə 20-yə yaxın ölkə iştirak edib. O qeyd edib ki, baharda təşkil edilən Avropa Bədii Sənətlər Günləri iştirakçılara xalq sənətinin ecazkar dünyasını kəşf etmək, ustalarla görüşlər keçirmək, təlim mərkəzlərində onların peşəkar təcrübəsindən faydalanmaq, seminarlara və digər tədbirlərə qatılmaq imkanı verir. D.Məmmədov deyib: “Bu təşəbbüs bədii sənətlər sahəsinin inkişafı və Avropada onlar haqqında məlumatların daha çox yayılmasına yönəlib. EACD-in builki mövzusu “Birlik”, devizi isə “Vahid əllərimiz”dir. “Arts Council Azerbaijan” ötən il “World Crafts Council Europe” şurasının üzvü olub. Bu, bizə təşəbbüsə qoşulmaq və sərgini təşkil etmək imkanı verib”.

“World Crafts Council Europe”-un Azərbaycan üzrə nümayəndəsi Sona xanım Quliyeva isə sərginin Azərbaycanda ilk dəfə olaraq Avropa Bədii Sənətkarlıq Günləri çərçivəsində keçirildiyini vurğulayıb.

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko öz çıxışında sərginin təşkilinə görə Dadaş Məmmədova və “NUR Art House” qalereyasının direktoru Röya Tağıyevaya təşəkkürünü bildirib.

“NUR Art House” qalereyasının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva çıxış edərək bildirib ki, günümüzdə incəsənət aləminə və xalq yaradıcılığının sirlərinə bələd olmaq üçün təkcə muzeyləri ziyarət etmək yetərli deyil. O əlavə edib: “Qalereyamızda ilboyu təsviri incəsənətə, dizayna, fotoqrafiyaya və əlbəttə xalçalara həsr olunmuş çoxlu tədbirlər təşkil olunur. Bu gün bizim üçün birgə parlaq emosiyalar yaşamaq, ən başlıcası – yaradıcı ideyaları həyatda təcəssüm etdirən insanlarla tanış olmaq üçün gözəl imkan yaranıb”.

Sərginin ekspozisiyalarında istər qədim, istərsə də müasir xalçaçılıq nümunələri təqdim edilir. Tədbir çərçivəsində xalçaçılıq sənəti üzrə ustad dərsləri də təşkil olunacaq.

Sərgi aprelin 2-dək davam edəcək.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!