Bakıda “Azərbaycan və Rusiyada nəqliyyat dəhlizləri: çağırışlar və inkişaf” mövzusunda dəyirmi masa keçirilib
Bakıda keçirilən XI Azərbaycan-Rusiya regionlararası forum çərçivəsində “Azərbaycan və Rusiyada nəqliyyat dəhlizləri: çağırışlar və inkişaf” adlı dəyirmi masa təşkil olunub.
Dəyirmi masada “Ticarətin inkişafı üçün nəqliyyat dəhlizlərinin imkanlarından istifadə edilməsi”, “Eurasian Agroexpress: Problemlər və perspektivlər”, “Qarşılıqlı tədarükləri artırmaq üçün liman infrastrukturunun potensialı”, “Nəzarət-keçid məntəqələrinin modernləşdirilməsi: ehtiyaclar və perspektivlər” mövzuları ətrafında müzakirələr aparılıb.
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov çıxışında Azərbaycan ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub – iki əsas nəqliyyat dəhlizinin inkişafı və rəqabət qabiliyyətinin artırılması, ölkənin tranzit potensialının gücləndirilməsi məqsədilə həyata keçirilən infrastruktur layihələri haqqında danışıb.
Nazir müavini Bakı-Tbilisi-Qars dəmir yolunun Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsinə çevrildiyini, bu yolun fəaliyyəti sayəsində region ölkələrinin dünya iqtisadi birliyinə daha səmərəli inteqrasiya edə biləcəyini diqqətə çatdırıb.
Rəhman Hümmətov işğaldan azad edilmiş ərazilərimizdə avtomobil və dəmir yollarının tikintisi və bərpası, beynəlxalq hava limanlarının inşası barədə məlumat verib.
Nazir müavini çıxışının sonunda vurğulayıb ki, Azərbaycanın ümumi nəqliyyat kompleksinin bir hissəsi olan Zəngəzur dəhlizi hazırda təkcə Cənubi Qafqazda sülhün bərpası üçün deyil, həm də Avropaya tədarük zəncirinin təhlükəsizliyi və sabitliyi baxımından mühüm əhəmiyyət kəsb edir.