Idman

Bakıda “Böyük dəbilqə” beynəlxalq turnirinin açılış mərasimi keçirilib

Mayın 10-da Heydər Əliyev adına İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

Frame.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov idmanın dövlətlər və xalqlar arasında dostluq əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib. Ölkəmizdə keçirilən bu nüfuzlu turnirin əhəmiyyətini xüsusi vurğulayan nazir deyib: “Azərbaycanda idman sürətlə inkişaf edir. Ölkəmizdə mötəbər beynəlxalq idman turnirləri yüksək səviyyədə təşkil olunur. Birinci Avropa, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları Azərbaycanda uğurla keçirilib. Ötən ilin sentyabrında Bakıda 125 ölkədən 752 idmançının iştirakı ilə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən dünya çempionatı təşkil olunub”.

Beynəlxalq Cüdo Federasiyasının idman direktoru Vladimir Barta yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə Azərbaycan Cüdo Federasiyasına minnətdarlığını bildirib.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev “Böyük dəbilqə” turnirinin yüksək səviyyədə keçəcəyinə əminliyini bildirib və cüdoçulara uğurlar arzulayıb. Federasiya prezidenti yarışı açıq elan edib.

Sonra Azərbaycan Respublikasının dövlət himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib.

Daha sonra ümummilli lider Heydər Əliyevin idmana diqqət və qayğısı əks etdirən, dahi şəxsiyyətin idmanla bağlı fikirlərinin yer aldığı, eləcə də Azərbaycanın idman uğurlarına həsr olunan videoçarx nümayiş etdirilib.

Bədii hissə ilə davam edən açılış mərasimindən sonra bürünc medal uğrunda döyüşlərə start verilib.

Mayın 12-dək davam edəcək “Böyük dəbilqə” beynəlxalq turnirində 57 ölkədən 450-yə yaxın idmançı mübarizə aparır. Turnirdə ölkəmizi 28 kişi və 15 qadın cüdoçu təmsil edir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!