Bakıda Gənc Kulinarların V Respublika Çempionatı keçirilib
Aprelin 8-də Bakı Gənclər Mərkəzində Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Dünya İslam Kulinariya Birliyinin prezidenti Tahir Əmiraslanovun 65 illik yubileyinə həsr edilən təhsil alan gənc kulinarların beşinci respublika çempionatı keçirilib.
Çempionatda paytaxt və müxtəlif bölgələrdəki universitet və peşə məktəblərində təhsil alan gənc kulinarlar iştirak ediblər.
Tədbirin ilk hissəsində iştirakçıların hazırladıqları müxtəlif yemək çeşidləri və şirniyyatlar münsiflər və qonaqlara təqdim olunub.
Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov müsahibəsində bildirib ki, rəhbərlik etdiyi qurum artıq 5-ci ildir ki, təhsil alan kulinarların çempionatını keçirir. “Çempionatın keçirilməsində məqsəd milli mətbəximizin tanıdılması və gənclərin kulinariya sahəsinə həvəsinin yaradılmasıdır. Belə yarışların və tədbirlərin keçirilməsi Azərbaycan kulinariyasının inkişafına xidmət edir”,- deyə T.Əmiraslanov vurğulayıb.
Çempionata Sumqayıt şəhərindən ilk dəfə qatılan gənc kulinar Əlibala Həşimov isə qeyd edib ki, aşpazlığa 2018-ci ildən başlayıb və bu sənətə həvəsi 8-9 yaşlarından yaranıb: “Yarışmaya fisincan və səbzi plovla qoşulmuşam. Burada zəif və güclü iştirakçılar var, hər kəsə uğurlar arzulayıram”.
Çempionatın münsiflərindən biri olan Emma Abdullayeva isə seçimlərin həm dadlandırma, həm da ümumi kompozisiyaya uyğun aparıldığını bildirib. O, həmçinin diqqətə çatdırıb ki, qaliblər müəyyən edilərkən təamların təqdimatı və milli xüsusiyyətlərə uyğunluğu da nəzərə alınır. “Sevindirici haldır ki, kulinar iştirakçıların əksəriyyəti gənclər və yeniyetmələrdir. İştirakçılarda gözəl əhvali-ruhiyyə və həvəs var. Bəyəndiyim iştirakçıya gəldikdə isə, Naxçıvandan qatılan kulinarların stendi çox xoşuma gəldi, çünki onlar daha çox qədim və milli kompozisiya yaradıblar”,- deyə E.Abdullayeva bildirib.
Sonra tədbirin rəsmi hissəsi baş tutub və çempionatın qalibləri mükafatlandırılıb.