Bakıda Kamal Bağırlının fotoqrafiyalar sərgisi açılacaq
Sentyabrın 8-dən 24-dək “Port Baku Mall” məkanında ənənəvi “Art Payız” festivalı çərçivəsində Kamal Bağırlının foto işlərinin sərgisi keçiriləcək.
Frame.az xəbər verir ki, tanınmış teleaparıcı, bloqer və fotoqraf Kamal Bağırlı dünya paytaxtlarının qədim fotoşəkillərini bərpa edir. “Keçmişə pəncərə” adlı layihə öz orijinal ideyası və müəllifin hər bir işində duyulan səmimi təcəssüm ilə tamaşaçıların böyük marağına səbəb olur.
Müəllif çox vaxt məşhur fotoqrafların çəkdiyi şəkillərin əsasını təşkil edən hadisələri onilliklərin süzgəcindən keçirərək bizi sanki keçmişə yaxınlaşdırır. Onun fotoşəkillərində şəhərlərin görməli yerləri ilə yanaşı müəyyən mühüm hadisələrdən fraqmentlər də əks olunur.
Fotoqrafın bəzi işlərində tanınmış şəxsiyyətlər diqqəti cəlb edir. Məsələn, məşhur “Brilyant əl” filminin çəkilişləri zamanı baş rolu ifa edən aktyor Andrey Mironovun Bakının tarixi mərkəzi İçərişəhərdə çəkilmiş fotoşəkli bu qəbildəndir.