Idman

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub

Sentyabrın 21-də Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci günündə 66 kiloqram çəki dərəcəsində kişilər, 52 kiloqram çəki dərəcəsində isə qadınlar tatami üzərinə çıxıblar.

Frame.az xəbər verir ki, ölkəmizi bu çəki dərəcələrində təmsil edən Nicat Şıxəlizadə mübarizəni 1/16 final mərhələsində, Buyankişiq Purevsuren isə 1/32 finalda dayandırıb.

Yarışların ikinci günündə hər iki çəki dərəcəsində qaliblər yaponiyalı idmançılar olublar.

Kişilərin mübarizəsində yaponiyalı Hifumi Abe dünya çempionu adını qazanıb. Qazaxıstan cüdoçusu Yerlan Serikzhanov ikinci yeri tutub. Koreya Respublikasının idmançısı Baul An və ukraynalı Georgi Zantaraia bürünc medal əldə ediblər.

Qadınların yarışında Yaponiya idmançıları Uta Abe və Ai Şişime müvafiq olaraq qızıl və gümüş medal qazanıblar. Braziliya təmsilçisi Erika Miranda və fransalı Amandine Buçard turniri üçüncü pillədə başa vurublar.

Sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə mükafatları gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer təqdim edib.

Dünya çempionatının üçüncü günündə kişilər arasında 73 kiloqram, qadınlar arasında isə 57 kiloqram çəki dərəcəsində yarışlar keçiriləcək. Ölkəmizi bu çəki dərəcələrində Hidayət Heydərov, Rüstəm Orucov və İçinxorlo Munxtsedev təmsil edəcəklər.

Xatırladaq ki, sentyabrın 27-dək davam edəcək turnirdə 125 ölkədən 800-dək cüdoçu mübarizə aparır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!