Bakıda Milli Atçılıq Festivalı keçiriləcək
1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur.
2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır.
Bu tədbirlərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Atçılıq Federasiyası da Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Milli Atçılıq Festivalına start verir.
Festival 2-17 iyun tarixlərini əhatə edir. Belə ki, Festival çərçivəsində bir neçə yerli və beynəlxalq turnirlər keçiriləcəkdir. 02 iyun 2018 ci il tarixində Binə Atçılıq Mərkəzində yerləşən hippodromda Cıdır üzrə “100 İllik Yubiley Kuboku” keçiriləcəkdir. Kubok uğrunda 24 at və jokeyin iştirakı gözlənilir.
3 qaçışdan ibarət olacaq Cıdır Günündə 3 yaş Qarabağ və Dilbaz atları və 3 yaş İngilis atları 1600 metr məsafədə, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları isə 2000 metr məsafədə qrup üzrə güclərini sınayacaqlar.
Yerli müğənnilərin iştirakı ilə konsert proqramı, sonda isə lotoreya keçiriləcəkdir. Tədbiri izləmək üçün gələn qonaqlar ölkədə fəaliyyət göstərən atçılıq idman klublarının üzvlərinin iştirakı ilə paradı izləmək imkanı əldə edəcəklər. Cıdırın ümumi mükafat fondu 15 000 manatdır.
5, 6, 7 və 9 iyun 2018-ci il tarixlərdə isə Çövkən Milli Atüstü Oyunu üzrə “100 İllik Yubiley Kuboku” turniri keçiriləcəkdir.
Turnirdə ümumilikdə 8 komanda iştirak edəcək. 5 və 6 iyun tarixlərində keçiriləcək təsnifat mərhələlərinin ardında 7 iyun tarixində yarımfinal oyunları keçiriləcək. 9 iyun tarixində isə 3-cülük uğrunda mübarizə və final oyunları ilə turnirə yekun vurulacaqdır.
“100 İllik Yubiley Kuboku”-nun Bakı təmsilçiləri “Sərhədçi”, “Polad,” “Köhlən”, “Murad”, “Buta Qolden”, “Omar” çövkən komandaları ilə yanaşı qonaq komandaların – Ağstafa və Ağcabədi çövkən komandalarının iştirakı da nəzərdə tutulur. Turnirin püşkatması 31 May 2018-ci il tarixdə keçiriləcək. Ümumi mükafat fondu 50 000 manat təşkil edir.
8 iyun 2018-ci il tarixdə atçılığın konkur növü üzrə Heydər Əliyev Kuboku turniri keçiriləcəkdir.
Turnir 2 kateqoriya üzrə keçiriləcəkdir. İlk kateqoriyada maneələrin hündürlüyü 125 sm, ikinci kateqoriyada isə 145 sm olacağı nəzərdə tutulur.
Turnir Elite Horse & Polo Club-un yaşıl arenasında keçiriləcəkdir. Ümumi mükafat fondu 34 000 manat təşkil edir.
15-17 iyun 2018-ci il tarixlərdə isə Azərbaycan, Almaniya, İrlandiya və Hindistan təmsilçisi klubların iştirakı ilə artıq 6-cı dəfə Arena Polo üzrə Dünya Kuboku yarışları keçiriləcəkdir. 3 gün davam edəcək turnirdə ümumilikdə 6 oyun keçiriləcəkdir. Azərbaycanı təmsil edən Milli Polo komandasının idmançılarından ibarət “Elite Horse & Polo Club” komandasının bu turnirə qatılması da yarışları azarkeşlərimiz üçün xüsusilə maraqlı edəcəkdir.
31 may 2018-ci il tarixdə mətbuat konfransı keçiriləcək və Milli Atçılıq Festivalı ilə bağlı bütün məlumatlar geniş şəkildə ictimaiyyətə çatdırılacaqdır. Eyni zamanda, Çövkən Milli Atüstü Oyunu üzrə 100 illik yubiley turnirinin və Arena Polo Dünya kubokunun püşkatma mərasimi də həmin gün keçiriləcəkdir.
Frame.az