IdmanTəqdimatTəqdimat

Bakıda “Rizin” çərçivəsində “Landmark 7” turniri keçiriləcək

Noyabrın 4-də Bakıda “Rizin” çərçivəsində keçiriləcək “Landmark 7” turnirinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Tədbirdə iştirak edən Azərbaycanın MMA döyüşçüləri qarşıdakı yarış və rəqibləri haqqında fikirlərini bölüşüblər.

66 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Kərəmov turnirə ciddi hazırlaşdığını bildirib: “Rizin” təşkilatı ölkəmizə xoş gəlib. Bu kəməri icarəyə götürməmişəm və ən azı bir il məndə qalacaq. Rəqibim kəməri ancaq yuxuda görə bilər. Sadəcə, şəkil çəkdirməyə icazə verirəm. Azərbaycanda hər şeyi sübut edəcəyəm və kəmər məndə qalacaq”.

Onun rəqibi Suzuki Çihiro isə Bakıya çempion olmaq üçün gəldiyini vurğulayıb: “Çox hazırlıqlıyam və yaxşı döyüşə bilərəm. Əvvəlki yarışdan fərqli olaraq, indi daha yaxşı formadayam və qalib gəlmək niyyətindəyəm. Hər zaman döyüşə bilərəm. Mütləq qələbə qazanacağam”.

Tofiq Musayev (70 kiloqram) azarkeşlərin Bakıdakı yarışda maraqlı mübarizəyə şahidlik edəcəklərini söyləyib: “Bunun üçün əlimizdən gələni edəcəyik. Azərbaycanda bu cür yarış keçirildiyi üçün təşkilatçılara təşəkkürümü bildirirəm. Öz döyüşümüzlə gənclərə örnək olmaq istəyirik. “Rizin”də 2019-cu ildə çempion olandan sonra “Bellattor”da mübarizə aparıram. Burada qonaq kimiyəm. Amma karyeramı “Rizin”də başa vuracağam. Rəqibim güclü idmançıdır. Həmişə iddialı döyüşçülərlə üz-üzə gəlmək istəyirəm”.

Mehman Məmmədov (57 kiloqram) deyib ki, “Rizin” turnirində döyüşməyi çoxdan istəyirdi: “Bu vaxta kimi uğurlu və uğursuz döyüşlərim olub. Turnirə tam ciddi hazırlaşmışıq. Azarkeşlərimizi maraqlı döyüşlər gözləyir. Doğma publika qarşısında döyüşmək böyük məsuliyyət tələb edir. İnanıram ki, yaxşı nəticələr qazanacağıq”.

Digər Azərbaycan təmsilçisi Tural Rəhimov Cənubi koreyalı rəqibi Kyun Pyu Kimin çox güclü idmançı olduğunu söyləyib: “Ümumiyyətlə, azərbaycanlı idmançılara çox yaxşı rəqiblər düşüb. Sabah təlim-məşq toplanışı üçün ABŞ-a yola düşəcəyik. Fiziki məşqlərimizi başa vurmuşuq. ABŞ-da sırf taktiki hazırlıq olacaq. Özümüzü yaxşı hiss edirik. Komanda üzvləri tam formadadırlar. Yarış ərəfəsində daha da güclü olacağıq. Motivasiyamız yüksəkdir, çünki öz ölkəmizdə döyüşəcəyik. Doğma azarkeşlərimiz qarşısında uduzmaq istəmirik. Ona görə daha ciddi hazırlaşmaq lazımdır”.

Qeyd edək ki, “Landmark 7” turniri Milli Gimnastika Arenasında təşkil olunacaq.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!