Bakıda “Vüqar Həşimov Memorialı-2022”nin bağlanış mərasimi olub
Dekabrın 23-də Bakıda beynəlxalq qrossmeyster, Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan səkkizinci superturnirin bağlanış mərasimi olub.
Turnirin direktoru, Əməkdar məşqçi Anar Allahverdiyev yarışın gərgin idman mübarizəsi və maraqlı partiyalarla yadda qaldığını deyib. Təmiz və ədalətli oyun nümayiş etdirdikləri üçün iştirakçılara minnətdarlığını bildirən A.Allahverdiyev Vüqar Həşimovun ədalətlilik prinsipinə sadiq olduğunu və rəqibə hörmətlə yanaşdığını vurğulayıb. Bildirib ki, “Vüqar Həşimov Memorialı-2022” ölkəmizdə ilin sonuncu irimiqyaslı idman yarışı kimi yaddaşlarda qalacaq. Turnir səmimi və mehriban şəraitdə keçdi. Buna görə iştirakçılara və hakimlərə təşəkkürümü bildirirəm”.
Vüqar Həşimov Fondunun əsas məqsədinin görkəmli şahmatçının yaradıcılığını digər zəka sahiblərinə çatdırmaq və təbliğ etmək olduğunu diqqətə çatdıran A.Allahverdiyev deyib: “Digər məqsədimiz gənc idmançılara geniş imkanlar açmaq və uşaqları şahmata cəlb etməkdir”.
Sonra memorialdan bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra turnirin baş hakimi Lütfiyar Rüstəmov yarışın nəticələrini açıqlayıb.
Sonda Vüqarın atası, turnirin Təşkilat Komitəsinin sədri Qasım Həşimov turnirin kubokunu Özbəkistan şahmatçısı Nodirbek Abdusattorova təqdim edib.
Turnirin iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.
Yarışın yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirən Qasım Həşimov turnirin ənənə halı almasında dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib, iştirakçılara uğurlar arzulayıb, turniri bağlı elan edib.
Turnirdə 25,5 xalla özbəkistanlı Nodirbek Abdusattorov birinci olub. Hesablarında 20,5 xal olan Rauf Məmmədov və Şəhriyar Məmmədyarov ilk üçlükdə yer alıblar.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci) və ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci) isə bir dəfə turnirin qalibi olublar.