EkologiyaSağlamlıqTəqdimat

Bakıda Xəzər Günü qeyd edilib

2006-cı il avqustun 12-də dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il bu tarix Xəzər Günü kimi qeyd olunur. IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə avqustun 12-də Xəzər Gününə həsr olunmuş sahilyanı təmizlik aksiyası keçirilib.

IDEA İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Könüllü Təşkilatları İttifaqının və “Təmiz Şəhər” ASC tərəfdaşlığı ilə baş tutan təmizlik aksiyası Bilgəh qəsəbəsində yerləşən çimərlikdə 100-dən çox könüllü gəncin iştirakı ilə həyata keçirilib.

Təmizlik aksiyasının keçirilməsində əsas məqsəd Xəzərin sahillərinin çirklənməsinin qarşısının alınması, o cümlədən dənizin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.

Aksiya zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş iştirakçılar çimərlik ərazisindəki məişət tullantılarını toplayaraq, Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil veriblər.

Sonra iştirakçılar və yerli əhali Xəzər dənizinin sahilindəki Abşeron Milli Parkında “Xəzərin mühafizəsində birik, birlikdəyik!” devizi altında təşkil olunan tədbirdə iştirak ediblər. İştirakçılar arasında Xəzər dənizinin ekosisteminə, bioloji resurslarına aid sualları əhatə edən viktorinalar keçirilib, qum üzərində müxtəlif oyunlar, velosiped gəzintisi, çimərlik voleybolu və çərpələng uçurtma kimi əyləncələr təşkil olunub.

Xəzər Günü Abşeron yarımadasını ən ucqar şərq nöqtədə Xəzərlə birləşdirən Şahdiliyə səyahətlə yekunlaşıb.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!